Xəzər Neft və Qaz sərgisində yenilik olacaq

Xüsusi poçt markası buraxılacaq

Bu gün Bakıda 25-ci Xəzər Neft və Qaz sərgi və konfransının və 8-ci Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji sərgisinin açılışına həsr olunmuş mətbuat konfransı keçirilib. SİA xəbər verir ki, tədbirdə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov, “İteca Caspian” şirkətinin icraçı direktoru Fərid Məmmədov, Xəzər Neft və Qaz sərgisinin meneceri Tofiq Kərimov, Xəzər Neft və Qaz konfransının meneceri Aynurə Nəzərli iştirak edib.

Fərid Məmmədov qeyd edib ki, illər ərzində sərgiyə maraq artmaqdadır. Bu il də sərgidə 38 ölkədən 318 şirkət iştirak edəcək. Şirkət rəsmisi bildirib ki, 25-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi ilə bağlı bir sıra layihələr həyata keçirilir və yubileylə əlaqədar bir neçə planlar da var.

F.Məmmədov həmçinin neftçi peşəsini seçən və ali məktəbə 700 balla qəbul olunan Əsgərzadə Abdulla və Əsədzadə Mahirənin timsalında bu ixtisasla ali məktəbə qəbul olanların mükafatlandırılmasını nəzərə çatdırıb və konfrans iştirakçılarını xüsusi poçt markası da buraxılacağı barədə məlumatlandırıb və bu sərgilərə həsr olunmuş ilk marka olacağını dilə gətirən “İteca Caspian” şirkətinin icraçı direktoru sponsorlar və daimi iştirakçıların da mükafatlandırılacağını bildirib. Sonda isə göstərilən dəstəyə görə Energetika Nazirliyinə öz təşəkkürünü bildirib.

İbrahim Əhmədov isə qeyd edib ki, sərginin 25 ildir ki keçirilməsi və bu müddət ərzində SOCAR-la davamlı əməkdaşlıq özü-özlüyündə uğur göstəricisidir və 25 il ərzində həm sərgi, həm də SOCAR mühüm inkişaf yolu keçib. SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini Azərbaycanın neft sənayesinin tarixindən, o tarixin bir parçası olan SOCAR-ın vitse-prezidenti Xoşbəxt Yusifzadə ilə də bu gün bir yerdə olduqlarından, başlıca məqsəd kimi xarici investorların cəlb edilməsində Ümumilli Lider Heydər Əliyevin nailiyyətlərindən, əsrin müqaviləsindən də danışıb.

Sonda Kütləvi İnformasiya Vasitələri nümayəndələrinin suallarına cavab verilib və mətbuat konfransı yekunlaşdırılıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...