Komitə sədri nümayəndə heyəti ilə görüşüb

Bu gün Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Avropa İttifaqının Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Kestutis Yankauskasın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. SİA-nın verdiyi məlumata görə, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Azərbaycan hökumətinin Avropa İttifaqı ilə uğurlu əməkdaşlığından bəhs edib. O, eyni zamanda, gömrük sahəsində şəffaflığın artırılması və gömrük orqanlarının fəaliyyətinin daha da təkmilləşdirilməsilə bağlı mühüm addımların atıldığını diqqətə çatdırıb.

Komitə sədri Azərbaycanla Avropa İttifaqı arasında tərəfdaşlıq əlaqələrinin gömrük işi sahəsində də yer aldığını və ötən dövrdə həyata keçirilən bir neçə layihənin ölkədə dünya standartlarına cavab verən müstəqil gömrük sisteminin qurulması işinə öz töhfəsini verdiyini vurğulayıb.

Hazırda qüvvədə olan yeni Gömrük Məcəlləsi layihəsinin Avropa İttifaqı və BMT İnkişaf Proqramının birgə həyata keçirdiyi “Azərbaycan Respublikasında Gömrük Xidmətinin Təkmilləşdirilməsi” layihəsi çərçivəsində hazırlandığını xatırladan Səfər Mehdiyev göstərilən dəstəyə görə Aİ-yə minnətdarlığını ifadə edib.

Kestutis Yankauskas Azərbaycan ilə Aİ arasında əməkdaşlıq əlaqələrinin qarşılıqlı faydaya və ümumi dəyərlərə əsaslandığını, bu əlaqələrin yalnız ticarət və energetika sahələrilə məhdudlaşmadığını qeyd edib.

Kestutis Yankauskas tərəfdaşlıq əlaqələrinin müxtəlif sahələrdə daha da möhkəmləndirilməsi üçün imkanların araşdırılmasının önəminə toxunub və Azərbaycandakı fəaliyyəti müddətində bu əlaqələrin daha da fəallaşması işinə töhfəsini əsirgəməyəcəyini vurğulayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...