"Son 15 ildə əhalinin sahibkarlıq fəaliyyətindən gəlirləri 10,4 dəfə artıb"

"Azərbaycan müstəqillik qazandığı ilk illərdən etibarən müharibə ilə üzləşib, Ermənistanın ölkəmizə təcavüzü və apardığı etnik təmizləmə siyasəti nəticəsində bir milyona qədər soydaşımız öz torpaqlarından didərgin düşüb". SİA xəbər verir ki, bunu "Dayanıqlı İnkişaf Məqsədlərinə doğru, davamlı inkişafın və layiqli əməyin təbliği” mövzusuna həsr olunmuş beynəlxalq konfransda Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev çıxışı zamanı bildirib.

M.Musayevin sözlərinə görə, həmin dövrdə Azərbaycan siyasi və iqtisadi cəhətdən nə qədər çətin vəziyyətdə olsa da, qaçqın və məcburi köçkünlərin, eləcə də bütün ölkə əhalisinin sosial təminatını həyata keçirib.
"Hər şeydən əvvəl yoxsulluq həddinin 50 faizdən 5,4 faizə, işsizlik səviyyəsinin təxminən 5 faizə endirilməsinə nail olunub. Son 15 il ərzində maaşlar orta hesabla 5 dəfə, pensiyalar 8 dəfə, əhalinin real gəlirləri orta hesabla 2,6 dəfə artıb. Bu baxımdan düşünürük ki, Qarabağ məsələsi də daxil olmaqla regional münaqişələrə daha həssas yanaşma olmalı, müharibələr nəticəsində bütün əmlakını, yaşadığı yeri itirən insanlara humanitar yardım göstərilməlidir. Ən önəmli məsələ isə qaçqınların öz torpaqlarına geri dönüşünün təmin edilməsidir. Bunun üçün isə gərək bu münaqişələr ədalətli həll olunsun, sülh bərpa edilsin. Düşünürük ki, bu istiqamətdə BMT-nin və Beynəlxalq Əmək Təşkilatının üzərinə çox ciddi məsuliyyət düşür. Əmək miqrasiyasını və qaçqınlığı doğuran digər bir səbəb isə ölkələr, müxtəlif əhali qrupları arasında dərinləşən iqtisadi bərabərsizlikdir. Bu məsələnin həlli üçün də beynəlxalq təşkilatlar istiqamətverici rol oynamalıdır. Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində yoxsul ölkələrin təhsil və səhiyyə sahələrinə investisiya edilməli, normal yaşayış üçün minimum infrastruktur təmin edilməlidir", - deyə ASK prezidenti vurğulayıb.

M.Musayev əlavə edib ki, son 15 ildə ölkədə 1,4 milyon daimi olmaqla, 1,9 milyon yeni iş yerinin açılmasına imkan verib: "Bu müddətdə əhalinin sahibkarlıq fəaliyyətindən gəlirləri 10,4 dəfə, əmək ödənişlərindən gəlirləri isə 7,5 dəfə artıb, sosial müdafiə və təminat üçün dövlət büdcəsində nəzərdə tutulmuş xərclərin həcmində 10,3 dəfə artım qeydə alınıb. 2017-ci ildə ÜDM istehsalı 70,1 milyard manata çatıb, əhalinin hər nəfərinə 7 milyon 205 manat məbləğində əlavə dəyər istehsal olunub, muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı 528,2 manat təşkil edib. Ölkəmizdə iş yerlərinin 75 faizi məhz özəl sektorun payına düşür".

Bütün xəbərlər Facebook səhifəmizdə