Ödənişlər sürətlə həyata keçiriləcək

"Bu gün informasiya kommunikasiya texnologiyaları cəmiyyətin inkişafına təkan verən amilə çevrilib, insanların həyat tərzini, sosial-iqtisadi sahələri, bank sektorunu əhatə edir.

"SİA"nın məlumatına görə, bunu bu gün Bakıda Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə keçirilən "Maliyyə Texnologiyalarında Yeni Trendlər: Blokçeyn, Kriptovalyutalar və Təhlükəsizlik mövzusunda" forumda Mərkəzi Bankın İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyev deyib.
Onun sözlərinə görə, AMB qlobal müstəvidə sürətlə inkişaf edən texnoloji prosesləri izləyir, maliyyə-bank sektorunun daha da müasirləşməsi istiqamətində tətbiq imkanlarını diqqətdə saxlayır, yaxından araşdırır. "Orta müddətli dövrdə üç aparıcı layihənin fəlsəfəsi də bu texnologiyalara əsaslanıb. İlk layihə "Nağdsız Azərbaycan layihəsidir. Mərkəzi Bank beynəlxalq qurumların iştirakı ilə bu layihənin icrasını tamamlayıb. Layihə bütövlükdə ölkənin nağdsız cəmiyyətə transformasiyasını əks etdirir. Bu layihə innovativ ödəniş sisteminin tətbiqini özündə əks etdirir. Layihə artıq geniş müzakirədən keçib. Hazırda layihə çərçivəsində proqramın Prezident Administrasiyasında müzakirəsi keçirilir. Layihə son mərhələdədir. Bu yaxınlarda Prezident tərəfindən layihənin təsdiqlənməsi gözlənilir.
İkinci layihə rəqəmsal identifikasiya sisteminin blokçeyn platformasında yaradılması layihəsidir. Hazırda qalib şirkətin müəyyənləşməsi üçün tender prosesləri gedir. İlkin məhsul kimi ilin sonundan layihəni bank ictimaiyyətinə təqdim edəcəyik. Azərbaycan bank sektorunda müştəri məmnunluğunun artırılması istiqamətində bu layihənin icrasını qarşıya məqsəd qoymuşuq.
Üçüncü layihə rəqəmsallaşmanı genişləndirmək üçün ani ödəniş sisteminin yaradılmasıdır. Bu sistemin yaradılması ilə bütün iqtisadi sistemlər arasında beş-on saniyə içində ödənişlərin tamamlanması təmin olunacaq," - deyə A. Quliyev bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə