"Made in Azerbaijan" brendi dünyaya səs salır

Prezident İlham Əliyev: "İxrac məsələlərini mütəşəkkil qaydada, kompleks şəkildə həll etməliyik"

Regional inkişaf proqramlarının uğurlu icrasının nəticəsi olaraq qeyri-neft sektorunun sürətli inkişafı perspektivlərin müəyyənləşdirilməsində stimulverici amil rolunu oynayır. Bu baxımdan Prezident İlham Əliyev daim çıxışlarında, xarici ölkələrə səfəri çərçivəsində keçirdiyi görüşlərdə iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurlarından geniş bəhs etməklə, iş adamlarını bu istiqamətdə investisiya yatırmağa çağırır. Ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcminin ildən-ilə daha da artırılması, daxili investisiyaların xarici investisiyaları üstələməsi ölkəmizdə sahibkarlığın inkişafına dəstəyin bariz nümunəsidir. Prezident İlham Əliyev bildirir: "Əlbəttə, bütün bu işləri görərkən, bir daha qeyd etmək istəyirəm ki, biz bir neçə məqsədi güdürük. Ölkə iqtisadiyyatını şaxələndirmək, idxaldan asılılığı azaltmaq, ixrac potensialını və kənd təsərrüfatı məhsullarının ixracını artırmaq. Hesab edirəm ki, biz kənd təsərrüfatı məhsullarının ixracını iki dəfə artıra bilərik. Bu, real hədəfdir, biz buna nail olmağa çalışmalıyıq".

Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında səsləndirilən rəqəmlər də bu kimi məqsədlərə işıq salır. Belə ki, cari ilin ötən dövründə ölkə iqtisadiyyatına 3,5 milyard dollar sərmayə qoyulub. İqtisadiyyat 2,3 faiz, qeyri-neft sektoru təxminən 3 faiz artıb. Sənaye istehsalında artım 2 faiz, qeyri-neft sənayesində isə təxminən 10 faiz təşkil edir. Kənd təsərrüfatı 4,2 faiz artıb. Valyuta ehtiyatlarımız 2,2 milyard dollar artıb, hazırda 44,2 milyard dollar təşkil edir. Cari ilin üç ayında isə artım 2 milyard dollardan çoxdur. Dövlətimizin başçısı bildirir ki, artan valyuta ehtiyatlarımız bir tərəfdən onu göstərir ki, biz ehtiyatlarımızdan çox qənaətlə istifadə edirik, digər tərəfdən, bu, son illər ərzində apardığımız uğurlu neft siyasətinin nəticəsidir. Cənab İlham Əliyev bu məqamı da xüsusi qeyd edir ki, əgər sovet vaxtına nəzər salsaq görərik ki, o vaxt bölgü aparılırdı. Azərbaycanda üzüm, pambıq, gül, meyvə, tərəvəz istehsal edilirdi, ancaq yağ, ət, un başqa respublikalardan gətirilirdi. Bu da vahid ölkə üçün məqbul variant idi. Ancaq biz indi müstəqillik dövründə yaşayırıq və əlbəttə ki, çalışmalıyıq öz ərzaq təhlükəsizliyimizi tam şəkildə təmin edək. Təbii ki, rayonlar üzrə aparılan ixtisaslaşma, əvvəldə də qeyd olunduğu kimi, dövlətimizin başçısı İlham Əliyevin sədrliyi ilə həmin sahələrin inkişafına dair müşavirələrin keçirilməsi, prioritetlərin açıqlanması qarşıdakı illər üçün müəyyənləşdirilən hədəflərə yüksək səviyyədə nail olunacağına əsas yaradır.

Özəl bölmənin əsas sahələrindən olan aqrar sektorun inkişafına xüsusi diqqət yetirilir. Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, aqrar sahədə ixrac potensialının artırılması məqsədilə ölkədə müasir aqroparklar və iri fermer təsərrüfatları təşkil edilir. İclasda dövlətimizin başçısı İlham Əliyev bu əminliyi də ifadə etmişdir ki, yaradılmaqda olan 45 aqropark bizim ixrac potensialımızı böyük dərəcədə artıracaq: "Bu aqroparkların 28-i bitkiçilik, 17-si isə heyvandarlıq kompleksidir. Bu, həm ərzaq təhlükəsizliyinin təmin edilməsinə xidmət göstərəcək, eyni zamanda, ixrac imkanlarımızı genişləndirəcək. Biz mütləq yeni ixrac bazarlarına üz tutmalıyıq. İndi bu istiqamətdə işlər gedir, müxtəlif ölkələrə ixrac missiyaları ezam edilir. Daha da fəal olmalıyıq və daha ciddi nəticələr olmalıdır ki, kontraktlar imzalansın və bizim məhsulumuz növbəti, yəni, yeni bazarlara çıxa bilsin. Təbii ki, ənənəvi bazarlarda yerimizin möhkəmləndirilməsi istiqamətində addımlar atılır. Hazırda Azərbaycanda 400 hektarda, ondan da çox sahədə yeni istixana kompleksləri yaradılır. Onların bir hissəsi artıq fəaliyyətə başlayıb. Bu istixanaların əsas bazarı xarici bazarlardır. Çünki biz özümüzü tərəvəzlə artıqlaması ilə təmin edirik".

Aqroparkların yaradılması ən müasir təcrübə kimi dəyərləndirilir. Aqroparkda fermer artıq satışın təşkili, saxlanma, təkrar istehsal kimi məsələlərdən azad olur. Qeyd edək ki, son illərdə əksər kənd təsərrüfatı məhsullarının istehsal həcminin artım tempi ölkədə kənd əhalisinin sayının artım tempini dəfələrlə üstələyib. Cari il üçün pambıqçılıq, üzümçülük, baramaçılıq, fındıqçılıq sahəsində nəzərdə tutulan plana diqqət yetirsək, növbəti illər üçün hədəflər özlüyündə açıqlanmış olur. Ərzaq təhlükəsizliyi hər bir ölkə üçün enerji təhlükəsizliyi qədər önəmlidir. "Əlbəttə, Azərbaycanın bəzi ərzaq məhsullarını xarici bazarlardan idxal etməsinə baxmayaraq biz çalışmalıyıq ki, öz daxili istehsalımızı maksimum artıraq, fövqəladə hallardan özümüzü qoruyaq", - söyləyən Cənab İlham Əliyev bildirir ki, özümüzü təmin etmək üçün daxili bazarların daxili resurslar hesabına təmin edilməsi prosesi davam etdiriləcək: "Yəni, bir sözlə, idxaldan asılılıq biz valyuta ehtiyatımıza qənaət etməliyik".

Sahibkarlığın inkişafına xidmət edən mühüm addımlardan biri kimi "ABAD mərkəz"lər yaradılır. İclasda bu məsələyə də diqqət yönəldilmişdir: "Ailə Biznesinə Asan Dəstək (ABAD) mərkəzləri yaradılır. Bunun da həm sahibkarlığın, həm də biznesin inkişafı üçün böyük əhəmiyyəti var. "ABAD mərkəz"lərində rəqabətqabiliyyətli məhsullar yaradılır. Mən dövlət şirkətlərinə göstəriş vermişdim və özəl şirkətlərə tövsiyə etmişdim ki, bu sahəyə diqqət göstərsinlər. Bu proses artıq başlamışdır. Bu il 5-6 min insan özünüməşğulluq proqramı ilə əhatə ediləcək. Bu, işsizliyin aradan qaldırılması və yoxsulluğun azaldılması istiqamətində önəmli addım olacaqdır. Kifayət qədər vəsait var. Sadəcə olaraq bu işlər düzgün təşkil edilməlidir ki, ehtiyacı olan insanlara pul qazanmaq üçün vasitələr verilsin."

Ölkə Prezidenti iclasda sahibkarlığın inkişafı ilə bağlı tapşırıqlarını da verdi: "Sahibkarlara həm dəstək vermək, həm də yol göstərmək lazımdır. Bir çox hallarda onlar passivlik göstərirlər, təşəbbüs göstərmirlər, hətta yetişdirdikləri məhsulu xaricə aparmağa belə tənbəllik edirlər. Gözləyirlər ki, kimsə gəlib onların qapısını döyəcək, onların məhsulunu alacaq. Onlar özləri getməlidirlər, bazarları axtarmalıdırlar, kontraktlar imzalamalıdırlar, təmaslar qurmalıdırlar. Biz hətta xarici ölkələrin televiziyalarında kənd təsərrüfatı məhsullarının reklamını da dövlət hesabına edirik. Onu da etmirlər. Yaxşı, indi bir az hərəkətə gəlsinlər. Dövlət bu qədər səy göstərir, dəstək verir, vəsait ayırır, siyasi dəstək göstərir. Ona görə biz əgər bu işlərə başlamasaydıq, indi heç biri olmayacaqdı, bax, 2,8 milyard dollar, 2,3 milyard manat qoyulmayacaqdı, kənd təsərrüfatı istehsalı bu qədər artmayacaqdı, bu qədər iş yerləri yaradılmayacaqdı, yalnız pambıqçılıqda 200 min insan işlə təmin olunmayacaqdı. Bizim qəbul etdiyimiz qərarların real nəticələri bunlardır."

Özünüməşğulluğun təminatı, ən əsası sosial müdafiənin gücləndirilməsi əsasdır. Ailə təsərrüfatlarının inkişafına dəstəyin daha da gücləndirilməsi, hər bir ailənin öz məhsulu ilə tanınması üçün şəraitin yaradılması sağlam rəqabətə yol açır. Bu isə öz növbəsində məhsulun keyfiyyətini şərtləndirir. "İxrac məsələlərini mütəşəkkil qaydada, kompleks şəkildə həll etməliyik" söyləyən Prezident İlham Əliyev bu istiqamətdə fəaliyyətin intensivləşməsini tövsiyə edir. Bu sahədə yeni əlaqə vasitəsi olan "Azexport" portalının yaradılması, Azərbaycanda istehsal olunan məhsullar barədə ətraflı məlumatların xarici investorlara çatdırılması yeni metod kimi sərfəlidir.

Nəticə olaraq "Made in Azerbaijan" brendi dünyaya səs salır: "İndi təhlil aparmaq üçün bizdə daha geniş imkanlar var. Çünki "Azexport" portalına daxil olan sifarişlər, əslində, marketinq üçün çox əhəmiyyətli bir vasitədir. Əvvəllər marketinqi xarici bazarlarda aparmaq üçün bizim belə imkanımız yox idi. Bu işlər daha çox kor-təbii görülürdü. Amma "Azexport" portalının əhəmiyyəti ondadır ki, həm yerli istehsalçılar öz məhsulları barədə məlumatları bu saytda yerləşdirirlər, həm də xaricdən sifarişlər gəlir. Təhlil apararkən görürük, bəzən elə sifarişlər gəlir ki, biz o sifarişləri tam yerinə yetirə bilmirik. Bu, dövlət qurumlarına və sahibkarlara yol göstərir ki, həmin sahələr inkişaf etməlidir. Əlbəttə, çox istərdim ki, kənd təsərrüfatı məhsullarının emalı sənayesi daha sürətlə inkişaf etsin".

"Səs" Analitik Qrupu

Bütün xəbərlər Facebook səhifəmizdə