Azərbaycanda formalaşan əlverişli biznes mühiti iqtisadi inkişafdan xəbər verir

Azərbaycanın yeni müstəqillik tarixində iqtisadi inkişafı xarakterizə edən ən mühüm cəhətlərdən biri ölkəmizdə güclü sahibkarlıq institunun formalaşmasıdır. Sahibkarlıq fəaliyyətinin inkişafı da öz növbəsində dövlətin diqqət və qayğısı sayəsində özünün inkişaf tendensiyasına sadiq qalır və bu da müvafiq olaraq iqtisadi inkişafı təmin edir.

Azərbaycanda sahibkarlığın inkişafına dəstək verilir, xüsusi diqqət və qayğı göstərilir

Azərbaycanda ümumi daxili məhsul istehsalında özəl sektorun xüsusi çəkisi aydın şəkildə hiss olunur. Təbii ki, özəl sektora olan maraq da diqqət mərkəzindədir və bu da mütəmadi olaraq öz bəhrəsini verməkdədir. Xüsusilə vurğulamaq yerinə düşərdi ki, iqtisadi artımın təminatında sahibkarların mövqeyi davamlı şəkildə güclənir. Sahibkarlığın inkişafına yaradılan şərait, göstərilən diqqət, qayğı və müxtəlif formalarda verilən dəstək, bu institutun inkişafını təmin etməklə ölkə iqtisadiyyatının yüksəlişində mühüm rol oynayan subyekə çevrilməsinə zəmin yaradır.

Etiraf etmək lazımdır ki, Azərbaycanda sahibkarlığın yenidən formalaşması və inkişafı dövlət müstəqilliyinin bərpasından sonra yeni, daha uğurlu bir mərhələyə qədəm qoyub. Bütün sahibkarlıq subyektlərində qazanılan uğurlar, əldə edilən nailiyyətlə təkzib edilə bilməz və bu dinamik inkişafın əvvəlki dövrlə müqaisədə əhəmiyyətli dərəcədə ardığı göz qabağındadır. Sahibkarlığın inkişafının bu şəkildə, artan tendensiyası məhsul istehsalında özünü biruzə verir və gələcəkdə daha böyük nailiyyətlərin əldə edilməsini proqnozlaşdırır.

Ölkə prezidenti Cənab İlham Əliyevin iqtisadi strategiyasının prioritet istiqamətlərindən biri məhz sahibkarlığın inkişafıdır. Hazırda dövlət başçısının strateji xəttinə uyğun olaraq, ölkəmizin gələcək inkişafının sahibkarlığın inkişafından asılılığı müəyyən edilib. Bu baxımdan Azərbaycanda sahibkarlığın inkişafına xüsusi diqqət göstərilir, sistemli və kompleks tədbirlər həyata keçirilir. Həyata keçirilən tədbirlər isə təbii ki, sahibkarlığa dəstək üçün nəzərdə tutulub və ümumilikdə ölkə iqtisadiyyatının inkişafına hesablanıb.

Biznes və investisiya mühitinin yaxşılaşdırılması sayəsində sahibkarlıq iqtisadi inkişafın aparıcı qüvvəsinə çevrilib.

Biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması sayəsində ölkəmizdə güclü sahibkarlar ordusu formalaşıb və sahibkarlıq iqtisadi inkişafın aparıcı qüvvəsinə çevrilib. Məhz bu biznes və investisiya mühitinin yaxşılaşdırılması məqsədilə səmərəli fəaliyyət göstərən dövlət dəstəyi sistemi ilə yanaşı qanunvericilik bazasının təkmilləşdirilməsi və inzibati prosedurların sadələşdirilməsi də həyata keçirilib. Prosedurların sadələşdirilməsi və qanunvericiliyin təkmilləşdirilməsi sahibkarlara daha geniş imkanlar açmaqla yanaşı, səmərəliliyi də, intensivliyi də artıqdığı inkar edilə bilməz. Eyni zamanda vergi güzəştlərinin tətbiqi, subsidiyaların verilməsi, aqrolizinq xidmətləri şəbəkəsinin genişləndirilməsi, investisiya layihələrinin güzəştli şərtlərlə kreditləşdirilməsi, dövlətlə birgə maliyyələşdirmə və risklərin bölüşdürülməsi sahibkarlar üçün əlverişli şəraitin yaradılması deməkdir. Sözsüz ki, belə bir əlverişli şərait sahibkarların işinə öz müsbət təsirini göstərir və hər biri öz növbəsində bu imkanlardan istifadə edərək daha çox nailiyyətlər, uğurlar, daha böyük nəticələr əldə etmək şansı qazanır. Həmçinin, sənaye parkları və məhəllələrin, aqroparkların, biznes-inkubatorların yaradılması, maarifləndirici tədbirlərin, biznes forumların və sərgilərin təşkili biznes mühitinin daha da inkişaf etdirilməsinə böyük zəmin yaradır ki, bundan istifadə sayəsində sahibkarların sayı durmadan artır. Nəticədə sahibkarlıq günü-gündən inkişaf edərək, həqiqətən də iqtisadi inkişafın ən aparıcı qüvvəsinə çevrilir.

İqtisadiyyatın şaxələndirilməsi, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, özünütəminat səviyyəsinin yüksəldilməsi, məşğulluğun təmin olunması, qeyri-neft məhsullarının ixracının artırılması, idxaldan asılılığın azaldılması və digər strateji vəzifələrin həllində özəl sektor həqiqətən də həlledici rola malikdir. Məhz buna görə də özəl sektorun, daha dəqiq desək, sahibkarlığın inkişafı dövlət başçısının diqqət mərkəzindədir. Bu səbəbdən də tətbiq edilən güzəştlər, göstərilən yardımlar, verilən dəstək başa düşüləndir və təqdirə layiqdir. Bu strategiya və görülən tədbirlər sayəsində ÜDM-də özəl bölmənin payı 80, məşğulluqda isə 74 faizi ötüb və göründüyü kimi bu heç də təsadüfi deyil.

Ən mötəbər reytinq cədvəlində Azərbaycan MDB məkanında öz liderliyini qoruyur

Ölkədə sahibkarlığın inkişafı beynəlxalq ixtisaslaşmış qurumlar tərəfindən yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycan reytinqdə daha iki pillə yüksələrək 35-ci yerdə qərarlaşıb. Dünyanın ən mötəbər reytinq cədvəlində Azərbaycan hətta inkişaf etmiş dünya ölkələrinin hər 4-dən 3-nü geridə qoyur. Ölkəmiz MDB məkanında öz liderliyini qoruyur. Ən maraqlısı odur ki, hətta G20-ə daxil olan İtaliya, Rusiya, İndoneziya, Hindistan, Türkiyə, Cənubi Afrika Respublikası kimi ölkələr də iqtisadiyyatın rəqabət qabiliyyəti indeksinə görə Azərbaycandan geridə qalır və ölkəmizin bu mövqeyi xüsusilə qürurvericidir.

“2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda biznesin qurulması üçün vacib olan amillər də əsas şərt kimi qiymətləndirilib. Təkcə paytaxt deyil, bölgələrdə də mühüm sahibkarların ayrı-ayrı xidmət sahələrinə çıxışının asanlaşdırılması, lisenziyaların minimuma endirilməsi, yoxlamaların ləğv edilməsi, güclü ixracat-təşviq mexanizminin yaradılması hesabatda xüsusilə dəyərləndirilib. Prosedurların sadələşdirilməsi, tələblərin minimum həddə çatdırılması, geniş imkanların yaradılması təbii ki, beynəlxalq ixtisaslaşmış qurumların diqqətindən yayına bilməzdi və bu qurumlara da tam şəkildə bəllidir ki, belə bir mühitin yaradılması sahibkarlığın genişlənməsinə, iqtisadiyyatın inkişafına zəmin yaradır. Nəticə etibarı ilə, bu isə o deməkdir ki, Azərbaycanda həyata keçirilən milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi öz müsbət nəticəsini verməkdədir və bu da gələcəkdə ölkənin iqtisadi inkişafında daha uğurlu nəticələr vəd edir.

İnam İMRANOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə