Azərbaycanın yeni kənd təsərrüfatı naziri kollektivə təqdim edilib

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev yeni təyin olunmuş kənd təsərrüfatı naziri İnam Kərimovu nazirliyin kollektivinə təqdim edib.

Nazirlikdən SİA-ya verilən məlumata görə, Ramiz Mehdiyev nazir İnam Kərimovun keçdiyi həyat yolu barədə ətraflı məlumat verərək qeyri neft sektorunun, xüsusilə də kənd təsərrüfatının ölkə iqtisadiyyatında əhəmiyyətli rol oynadığını, bu sahənin inkişafı ilə bağlı böyük potensial imkanların olduğunu diqqətə çatdırıb. Ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulan əsas hədəflərə nail olmaq üçün nazirliyin kollektivinə müvafiq məsləhət və tövsiyələrini verib.

Yeni təyin olunmuş kənd təsərrüfatı naziri İnam Kərimov ölkə başçısının ona göstərdiyi yüksək etimada görə təşəkkürünü bildirib, qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirəcəyini qeyd edib.

İnam Kərimov Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda bütün sahələrdə olduğu kimi qeyri-neft sektorunun xüsusilə, kənd təsərrüfatının uğurla inkişaf etdirildiyini bildirib.

Qeyd edək ki, İnam İmdad oğlu Kərimov kənd təsərrüfatı naziri vəzifəsinə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli Sərəncamı ilə təyin edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə