Çinin turizm şirkətləri üçün Azərbaycana dair təqdimat keçirilib

Azərbaycanın “Millennium Tourism” şirkətinin və Bakıdakı “Pullman” mehmanxanasının təşkilatçılığı ilə Pekində “Azərbaycan və Cənubi Qafqaz – qədim İpək yolunda Asiyanı Avropa ilə birləşdirən müasir turizm məkanı” mövzusunda təqdimat keçirilib. AZƏRTAC xəbər verir ki, ölkəmizin Çindəki səfirliyinin dəstəyi ilə keçirilən tədbirdə Çinin turizm şirkətləri, bu sahə ilə əlaqəli qurumlarının, habelə Çində fəaliyyət göstərən xarici turizm agentliklərinin nümayəndələri, turizm mövzusunda yazan jurnalistlər iştirak edib.

Təqdimatda Azərbaycanda son illər turizm sahəsində əldə olunan nailiyyətlərdən, bu sahədəki infrastrukturdan, ölkəmizdə mövcud olan turizm növlərindən, Bakıda və regionlarda müasir tələblərə cavab verən turizm mərkəzlərinin fəaliyyətindən söz açılıb.

Bakı ilə Çinin iki şəhəri arasında birbaşa təyyarə reyslərinin olması, Çin vətəndaşları üçün sadələşdirilmiş viza rejimi, habelə qədim İpək yolu üzərində yerləşən və müasir dövrdə Çinin “Bir kəmər, bir yol” strategiyasının tərkib hissəsi olan Azərbaycanın potensialı Çin ilə turizm sahəsində əlaqələrinin inkişafına geniş imkanlar yaradır.

Tədbirdə Azərbaycanın turizm potensialına, Bakının “Ekspo-2025” Ümumdünya Sərgisinə ev sahibliyi üçün namizədliyinə dair videoçarxlar nümayiş olunub, iştirakçılara müvafiq bukletlər, məlumat kitabçaları paylanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə