Bakı metrosunun yeni qatarı sabahdan etibarən xəttə buraxılacaq

Bakı metrosunun yeni qatarı sabahdan etibarən xəttə buraxılacaq. Bu barədə SİA-ya “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev açıqlama verib.

O bildirib ki, qatarın Rusiyadan gələn mütəxəssis heyəti ilə bərabər yerli mütəxəssislər tərəfindən fəaliyyətə hazırlanması prosesi başa çatıb. Avadanlıqlar quraşdırılıb, sazlanma işləri aparılıb. Artıq sabahdan etibarən qatar xəttə buraxılacaq.

N.Paşayevin sözlərinə görə, qatarların hər biri 5 vaqondan ibarətdir. Bu vaqonlar 4-cü nəsil vaqonlar adlanır və 2015-ci ildə alınan yeni vaqonlardan bir çox üstünlükləri ilə fərqlənir. Yeni qatarların istismar müddəti təxminən 31 ildir. Yeni qatarların hər bir vaqonunda 16 USB portu var. Vətəndaşlar portlar vasitəsilə telefon və planşetlərini enerji ilə təmin edə biləcəklər.

Xatırladaq ki, “Bakı Metropoliteni” QSC Rusiyanın “Metrovaqonmaş” ASC şirkəti ilə 2 yeni qatarın alınmasına dair müqavilə imzalayıb. yeni qatarların alınması ilə bağlı müqaviləni “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov və “Metrovaqonmaş” şirkətinin baş direktoru Boris Boqatıryev imzalayıb. Artıq ilk qatar Azərbaycandadır. Digər qatarın da gələn ayın sonuna kimi gətirilməsi planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...