Azərbaycan iqtisadiyyatı uğurlu inkişaf mərhələsindədir

Azərbaycanda aparılan uğurlu iqtisadi islahatlar kompleks inkişafımıza gətirib çıxarıb və bu da öz növbəsində iqtisadi sahədə həyata keçirilən tədbirlərin məqsədyönlülüyündən xəbər verir. Ümumi daxili məhsulun (ÜDM) artım tempi, büdcə gəlirlərinin ildən-ilə əhəmiyyətli dərəcədə artması iqtisadi sektorda islahatların genişləndirilməsinə, sosial-mədəni modernləşməyə imkan yaradıb. Respublikamızın iqtisadi siyasətinin sosialyönümlü səciyyə daşıması isə insan amilinə, insan hüquqları sisteminə yüksək həssaslıq nümunəsidir.

Bütün sahələr üzrə davamlı islahatların aparılması ölkəmizin uğurlarını təmin edir

Dünyada neftin qiymətinin siyasi konyunktura əsasında müəyyənləşdiyi son siyasi-iqtisadi reallıqlar bir daha təsdiqlədi ki, Azərbaycanın uğuru yeni çağırışlara adekvat olaraq bütün sahələrdə davamlı islahatların aparılması ilə bağlıdır. Dövlət quruculuğu prosesində innovativ yeniliklərə istinad edən dövlətlər iqtisadi inkişaf strategiyasını elmi əsaslar üzərində qurmaqla, milli tərəqqiyə nail olur, iqtisadi, sosial və intellektual inkişaf müstəvisində rəqabətə davam gətirirlər. Ötən müddətdə imzalanmış fərman və sərəncamlar da göstərir ki, dövlət başçısı hökumətin həyata keçirəcəyi iqtisadi islahatların innovasiyayönümlü olmasını, dərin elmi əsaslara, proqnozlara, habelə mütərəqqi dünya təcrübəsinə əsaslanmasını vacib sayır.

Qlobal maliyyə böhranının yeni fazaya keçməsinə baxmayaraq, ölkəmizdə qeyri-neft sektorunda da artım müşahidə olunur, sənaye, kənd təsərrüfatı sürətlə inkişaf edir və ixracın şaxələndirilməsi istiqamətində də aparılan uğurlu islahatlar müsbət nəticələr verir. Sahibkarlığın inkişafına diqqət göstərilməsi, iş adamlarının beynəlxalq bazarlara çıxması üçün əlverişli imkanların yaradılması aparılan siyasətin əsasını təşkil edir. Qlobal böhranın davam etdiyi bir şəraitdə daxili istehsalın təşviq edilməsi, sahibkarlara kreditlərin verilməsi, özəl sektorun maraqlarının müdafiə edilməsi qarşıya qoyulan bütün məsələlərin həllini reallaşdırır.

Azərbaycanda həyata keçirilən iqtisadi siyasət, makroiqtisadi və maliyyə sabitliyinin qorunması, dayanıqlı iqtisadi artımın təmin edilməsi və iqtisadiyyatın modernləşməsinə dəstək verən siyasətin dərinləşdirilməsi, qeyri-neft sektorunun sürətlə inkişaf etdirilməsi əldə edilən müsbət nəticələrdir. Qeyri-neft iqtisadiyyatında, qeyri-neft sənayesində, kənd təsərrüfatında, xarici ticarət dövriyyəsində, xarici ticarətin müsbət saldosunda, valyuta ehtiyatlarında mütəmadi olaraq dinamik artım müşahidə olunur.

Azərbaycanda aparılan islahatlar yüksək qiymətləndirir və ölkəmiz MDB məkanında liderliyini qoruyur

Ölkəmizin beynəlxalq qiymətləndirmə reytinqlərində əldə etdiyi yüksək iqtisadi mövqeləri də qorunub saxlanılır. “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycanın iki pillə irəliləməsi bir daha göstərdi ki, ölkəmizdə düzgün istiqamətdə iqtisadi islahatlar aparılır və bu istiqamətdə görülən davamlı işlər qarşıda daha böyük uğurların əldə olunmasına zəmin yaradır. Son qiymətləndirməyə əsasən Azərbaycan, MDB məkanında yenə də liderliyini qoruyur və 20 il əvvəl Azərbaycanla eyni səviyyədə qərarlaşan postsovet ölkələri indi iqtisadi inkişaf səviyyəsinə görə respublikamızla rəqabət apara bilmirlər. Son illərdə ölkəmizin beynəlxalq arenada iqtisadi və siyasi mövqeyinin daha da möhkəmlənməsi, dünyanın nüfuzlu təşkilatlarının Azərbaycanın mövqeyini dəstəkləyən qərarlar qəbul etmələri ölkəmizin seçdiyi yolun düzgünlüyünü bir daha təsdiqləyir və indi beynəlxalq reytinq agentlikləri Azərbaycanda aparılan islahatları yüksək qiymətləndirirlər. Davos Dünya İqtisadi Forumunda deyildiyi kimi, dünya miqyasında 35-ci yeri tutmaq, MDB məkanında birinci olmaq, inklüziv inkişaf indeksinə görə inkişafda olan ölkələr arasında üçüncü yerdə qərarlaşmaq çox böyük nəticədir.

Azərbaycanın iqtisadi inkişaf dinamikası əvvəlcə resurslara əsaslanırdısa, hazırda iqtisadi şaxələndirmənin nəticəsi olaraq qeyri-neft sektoru üstün artım tempinə malikdir. Azərbaycanın iqtisadi dayanıqlılığının təmin olunmasında sözsüz ki, ölkədə yaradılmış siyasi sabitliklə yanaşı, iqtisadiyyatın şaxələndirilməsi və bu siyasətin prioritet istiqamətlərindən olan regionların sosial-iqtisadi inkişafına dair proqramların müstəsna əhəmiyyəti vardır.

Daha bir nüfuzlu reytinq agentliyi ölkəmizlə bağlı qiymətləndirmə verib. Daha dəqiq desək, “Standard&Poor's” (S&P) beynəlxalq reytinq agentliyi 2019-2020-ci illərdə Azərbaycanda illik ümumi daxili məhsul (ÜDM) istehsalının artımının 3,5 faiz səviyyəsində olacağını proqnozlaşdırıb. “S&P”nin mütəxəssislərinin rəyinə əsasən, 2018-ci ildə də Azərbaycan iqtisadiyyatında artım olacaq. Mütəxəssislərin rəyinə görə ÜDM 2018-ci ildə 2 faiz (nominal həcm 44 milyard dollar), 2019-cu ildə 3,5 faiz (47 milyard dollar), 2020-ci ildə 3,5 faiz (48 milyard dollar) artacaq. Bütün bu sadlanan reytinqlər Azərbaycan Respublikasının investisiya baxımından cəlbedici ölkələr sırasında aparıcı ölkələrdən biri olduğunu növbəti dəfə nümayiş etdirir.

Sosial sahəyə diqqətin artırılması ölkə vətəndaşlarının rifah halının yüksəldilməsinə xidmət edir

Son illər Azərbaycanın büdcə zərfində sosialyönümlü xərclərin prioritetliyi bu sahəyə dövlətin diqqətini bir daha təsdiq edir və bu siyasətin real nəticələri insanların gündəlik həyatında öz əksini tapır. Sosial sahəyə diqqətin ildən-ilə artırılması ölkə vətəndaşlarının rifah halının yüksəlməsi ilə nəticələnir və ictimaiyyət bunun şahididir. Sosialyönümlü siyasətin məqsədi sosial bərabərsizliyi tarazlaşdırmaq, kəskin təbəqələşməyə yol verməmək, cəmiyyətin bütün üzvlərini layiqli həyat səviyyəsi ilə təmin etmək üçün fərdin ictimai statusunu yüksəltməkdir. Yeni körpülərin, yol ötürücülərinin, piyada keçidlərinin istifadəyə verilməsi, respublika əhəmiyyətli yollarda əsaslı yenidənqurma işlərinin

aparılması, regionlarda yeni təhsil, səhiyyə, mədəniyyət, olimpiya idman komplekslərinin tikintisi görülən məqsədyönlü tədbirlərdəndir və bunlar Azərbaycan vətəndaşlarının firavan, rahat yaşamasına xidmət edən qlobal investisiya layihələridir.

Ölkə rəhbəri tərəfindən investisiyaların təşviqi və qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı qəbul edilən qərarlar sahibkarlığın daha da inkişafına və xarici investisiyaların cəlb edilməsinə, qeyri-neft ixracının artmasına da səbəb olacağına heç şübhə ola bilməz. Ölkə iqtisadiyyatının şaxələndirilməsinin təmin olunması məqsədilə aparılan geniş infrastruktur quruculuğu yerli istehsalın inkişafı üçün münbit şərait yaradıb. Hazırkı dövrdə ölkəyə valyuta gətirən ixracyönümlü yerli istehsalın genişlənməsinin sürətləndirilməsi məqsədilə dövlət tərəfindən konkret layihələrə yönəldilən infrastruktur dəstəyi bəhrəsini verməkdədir və bu da öz növbəsində, yerli istehsalın daha sürətli artımına, dövlət investisiyalarının məqsədyönlü və səmərəli istifadəsinə, əhalinin məşğulluğuna da öz töhfəsini verəcək.

Azərbaycan geosiyasi arealda sülh, tərəqqi, sabitlik və iqtisadi əməkdaşlıq mərkəzi kimi tanınır

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf strategiyasının Prezident İlham Əliyevin yeni mərhələdə uğurla davam etdirməsi müstəqil Azərbaycanı regionun ən güclü, ən qüdrətli dövlətlərindən birinə çevirib və bütün bunların nəticəsi olaraq Azərbaycan hazırda daha geniş geosiyasi arealda sülh, tərəqqi və sabitlik, iqtisadi əməkdaşlıq mərkəzi kimi tanınır. Azərbaycan iqtisadiyyatında baş vermiş bu fenomenal uğurların təməlində aparılan siyasi və iqtisadi kursun layiqincə davam etdirilməsi dayanır və sosial-iqtisadi inkişaf quruculuğunun ən mühüm cəhəti də, ölkə vətəndaşının sosial rifah halının yaxşılaşdırılmasının nəzərə alınmasıdır. Buna imkan yaradan isə, sözsüz ki, hər şeydən öncə Azərbaycan dövlətinin iqtisadi və maliyyə potensialıdır. Əbəs deyildir ki, son 14 ildə məqsədyönlü fəaliyyətin ən uğurlu nəticələrindən biri, məhz milli iqtisadiyyatın 3 dəfədən çox genişlənməsi, strateji valyuta ehtiyatlarının 23 dəfə artaraq 42 milyard dollara çatması ilə bağlıdır.

Ən qısa şəkildə ifadə etmiş olsaq, ölkəmizin iqtisadi qüdrəti 2004-2018-ci illər ərzində 3,2 dəfədən çox artıb və əməli fəaliyyət baxımından ölkəmizin yerləşdiyi region üçün misli görünməmiş bu nəticə Azərbaycan Hökümətinin məqsədyönlü, fədakar əməyinin nəticəsi kimi qiymətləndirilməlidir. Bu uğurların davamı olaraq, müstəqilliyimizin 100-cü ildönümünü qeyd etdiyimiz 2018-ci ildə Azərbaycan iqtisadiyyatı öz inkişafında yeni tərəqqi dövrünə qədəm qoyub və Azərbaycanın iqtisadi qüdrətinin daha da artması isə öz növbəsində ölkənin potensialının gücləndirilməsi, sosial müdafiəsinin təmin edilməsi üçin ən etibarlı zəmin yaradılması deməkdir.

İnam İMRANOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə