Astarada arı ailələrinin sayı 12 minə çatdırılıb

Aprelin 18-də Astara rayon İcra Hakimiyyətində 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilib. SİA-nın məlumatına görə, rayon İcra Hakimiyyəti aparatının işçiləri, Şura üzvləri, hüquq mühafizə orqanları, idarə və təşkilat rəhbərləri, inzibati dairəsi üzrə nümayəndələr, bələdiyyə sədrləri yığıncaqda iştirak ediblər.

Yığıncağı giriş sözü ilə açan Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev bildirib ki, aprelin 9-da möhtərəm prezidentimiz cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib. İclasda geniş nitq söyləyən dövlət başçısı qeyd edib ki, birinci rübdə Azərbaycanın bütün sahələrdə sürətli inkişafı, beynəlxalq mövqelərimizin möhkəmlənməsi, ölkə daxilində proseslərin müsbət istiqamətdə getməsi, iqtisadi inkişafın təmin edilməsi, sosial məsələlərin öz həllini tapması onu göstərir ki, 2018-ci il ölkəmiz üçün uğurlu illərdən biri olacaqdır.

Hesabat dövründə ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin imzaladığı Sərəncamlarla dövlət büdcəsindən maliyyələşən bütün təbəqədən olan insanların əmək haqları, təqaüdlər, maaş və məvaciblər artırılıb. Azərbaycanda sosial proqramların icrası davam etmiş, 34 min yeni iş yeri yaradılıb. Onlardan 31 mini daimi iş yeridir. Bu il ancaq dövlət sektorunda təqribən 50 mindən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

2018-ci ilin I rübündə Astarada da xeyli iş görülüb. Tikinti-quruculuq sahəsində həyata keçirilən ən böyük layihələrdən biri olan Xəzər dənizi sahilində salınmış park-bulvar kompleksi ərazisinin genişləndirilməsi istiqamətində işlər hazırlanmış layihəyə əsasən uğurla davam etdirilir.

Cənab Prezidentin tapşırığına uyğun olaraq kənd təsərrüfatının inkişaf etdirilməsi, əkinə yararlı torpaqların əkin dövriyəsinə qaytarılması, əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə müəyyən işlər görülmüş, torpaqların əkilib becərilməsi üçün fiziki şəxslərə, fermer və sahibkarlara lazımi köməkliklər göstərilmişdir.

Sevindiricidir ki, Azərbaycan Respublikasında çay, çəltik və sitrus meyvəçiliyinin inkişafına dair Dövlət Proqramının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev bu ilin fevral ayında Sərəncamlar imzalayıb. Sərəncamlarda ölkəmizdə, o cümlədən Astara rayonunda çayçılıq, çəltikçilik və sitrusçuluğun inkişafına dövlət dəstəyinin daha da gücləndirilməsi, bu sahələrin potensial imkanlarından səmərəli istifadə edilməsi, çay, çəltik və sitrus meyvələri istehsalına marağın artırılması məsələləri öz əksini tapır. İnanıram ki, cənab Prezidentin kənd təsərrüfatı sahələrinin inkişafına ayırdığı diqqət torpaqlardan səmərəli istifadəni təmin etməklə, bol məhsul istehsalında özünü göstərəcəkdir.

2018-ci ilin I rübündə rayonda bütün sahələrdə uğurlu nəticələr qazanılıb. Yerli gəlirlər 1124,3 min manata qarşı 1082,2 min manat icra olunmuş, yerli xərclər isə 1205,0 min manata qarşı 1108,8 min manat icra olunub.

Rayonda aqrar sahənin inkişafına diqqət nəticəsində əkinə yararlı torpaq sahələrinin dövriyyəsi xeyli artıb. 2017-2018-ci ilin payız qış mövsümündə 1554 hektar sahədə şum işləri aparılıb. Rayonda çəltikçilik, çayçılıq, sitrusçuluq və tərəvəzçilik təsərrüfatlarının genişləndirilməsindən ötrü müvafiq tədbirlər görülüb. Həmin şumlanan sahələrin 240 hektarına yaxın ərazisində çəltik əkini üçün hazırlıq işləri hal-hazırda davam etdirilir. Əkin sahələrinə suvarma suyunu itkisiz çatdırılması, su mənbələri və su ötürücü kanalların təmizlənməsi işləri davam etdirilir.

Rayonun təbii iqlim şəraiti arıçılığın inkişafı üçün də əlverişlidir. Bu sahənin prioritet olması nəzərə alınaraq arıçılığın inkişafı istiqamətində görülmüş işlər nəticəsində ümumilikdə arı ailələrinin sayı 12 minə çatdırılıb. Prezident İlham Əliyevin Azərbaycanda arıçılığın inkişafının stimullaşdırılması haqqında imzaladığı sərəncam arıçılıqla məşğul olanlara ən böyük müjdədir. Sərəncama əsasən kənd yerlərində kiçik sahibkarlığın dəstəklənməsi və məşğulluğun təmin edilməsi məqsədilə arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə görə 2018-ci il də daxil olmaqla 5 il müddətində ildə 10 manat məbləğində subsidiyanın verilməsi nəzərdə tutulur. Bu qərar arıçılığın genişləndirilməsinə müsbət təsirini göstərəcəkdir.

Məruzə ətrafında rayon Su Kanal idarəsinin müdiri Anar Baxşıyev, 49 nömrəli Yol İstismarı MMC-nin rəisi Qurban Əliyev və başqaları çıxış ediblər.

Şura iclasına yekun vuran rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev 2018-ci ilin birinci rüübndə rayonda görülən işlərin ürəkaçan olduğunu, bununla yanaşı görüləcək işlərin də az olmadığını diqqətə çatdırıb.

Qarşıda duran vəzifələrlə əlaqədar tövsiyə və tapşırıqlarını verən icra başçısı birinci rübdə görülən işlərin nəticələrinə əsasən 2018-ci ilin ölkəmiz və rayonumuz üçün əmin-amanlıq, yüksək inkişaf, tərəqqi və bolluq ili olacağına əmin olduğunu bildirib, bu işdə hamıya müvəffəqiyyətlər arzulayıb.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə