Vətəndaşın daxili orqanında narkotik vasitələr aşkarlandı

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb. SİA-nın məlumatına görə, yoxlama zamanı, zərurət yarandığından vətəndaşın daxili orqanları həkim müayinəsindən keçirilib. Nəticədə, həmin şəxsin düz bağırsağında narkotik vasitələr - 3 bükümdə ümumi xalis çəkisi 42,479 qram olan heroin, 2 bükümdə ümumi xalis çəkisi 15,566 qram olan qurudulmuş marixuana, 1 bükümdə isə 20 ədəd metadon adlı həb aşkar edilib.

Xatırladaq ki, metadon "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı"na daxildir və aşkar olunan 20 ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,8 qram təşkil edir.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə