Prezident İlham Əliyev sahibkarlığın gələcək inkişafının qarantı və təminatçısıdır

Bu gün cənab Prezident İlham Əliyevin düşünülmüş və uzaqgörən siyasəti nəticəsində iqtisadiyyatımız sürətlə inkişaf edir. Ötən müddətdə Azərbaycanda yüz minlərlə yeni iş yeri yaradılıb. Azərbaycan iqtisadiyyatı dünyada inkişaf tempinə görə birincilər sırasındadır .

Prezident İlham Əliyevin rəhbərliyi altında regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul olunan dövlət proqramları kəndlərimizin sosial-iqtisadi inkişafına güclü təkan verir. Vaxtilə bölgələrimizdə olan bir çox problemlər öz həllini tapır. Prezidentin tapşırığına əsasən Azərbaycan başdan-başa qazlaşdırılır. Kəndlərə içməli su xətləri çəkilir, yeni yollar salınır və ya əsaslı təmir olunur.

Cənab İlham Əliyevin prezidentliyi dövründə aqrar sahədə islahatlar genişləndirilib, ölkədə güclü sahibkarlar sinfi formalaşıb. Dövlət xətti ilə sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsinə milyonlarla manat güzəştli kreditlər ayrılır. Aqrar sektor geniş inkişaf yoluna çıxıb və Azərbaycan indi özünün ərzaq təhlükəsizliyini təmin edən nadir ölkələrdən birinə çevrilib. Cənab İlham Əliyevin sahibkarlar üçün yaratdığı münbit iqtisadi şəraitdən bəhrələnərək 2006-cı ildə yaratdığım “Yaşıl çay” fermer təsərrüfatı uğurlarını ilbəil arırır.

Cənab İlham Əliyev təkcə aqrar sahənin, sahibkarlığın inkişafı ilə bağlı verdiyi çoxsaylı sərəncam və fərmanlarla kifayətlənmir, həmçinin onların necə yerinə yetirldiyini əyani surətdə görmək məqsədilə yerlərdə olur, sahibkarlarla, zəhmət adamları ilə görüşür, onların qayğı və problemləri ilə tanış olur, yerindəcə öz göstərişlərini verir. Möhtərəm Prezidentimiz keçən ilin sentyabr ayının 2-3-də cənub bölgəsinə səfəri çərçivəsində bizim təsərrüfatda da oldu. Çay plantasiyası, tut bağları ilə, emal müəssisəmizin istehsalı olan çay məhsulları ilə tanış oldu. Çaybecərənlərlə söhbət etdi. Problemlərimizlə maraqlandı. Çayçılıq və baramaçılıqla bağlı gördüyümüz işlərdən razılığını bildirən cənab Ölkə başçısı bizə yeni-yeni uğurlar arzuladı. Bu, bizə göstərilən böyük etimad və diqqətin təzahürü idi. Bu, bizi daha yaxşı işləməyə, işlərimizin həcmini daha da genişləndirməyə ruhlandırdı. Məhz cənab İlham Əliyevlə görüşdən sonra yeni çay plantasiyaları saldıq ki, bunun bir qismini Azərbaycanda ilk dəfə olaraq müasir yapon texnologiyası əsasında salınmış sahələr təşkil edir. Əgər 2016-cı ildə dövlət tərəfindən bizə təmənnasız olaraq 12 min ədəd çin mənşəli tut ağacı verilmişdisə, 2017-ci ildə daha 13500 ədəd tut tingi verildi. Bundan əlavə, 2016-cı ildə əkilmiş tut ağaclarından keçən ilin payızında 100 mindən çox çiling hazırlayaraq yeni tut bağları salmışıq. Cari ildə ilk dəfə barama saxlamağı qərara almışıq. Bu məqsədlə 495 kv. metrlik müasir kümxana binası inşa etmişik. İlk dəfə olaraq cari ildə 500kq barama istehsal edib təhvil verməyi nəzərdə tutmuşuq. Bundan əlavə çay emalı və qablaşdırıcı seximizi daha da genişləndirmək, onu modern texniki avadanlıqlarla təmin etmək üçün tədbirlər görürük. Bu məqsədlə İran İslam Respublikasında olarkən Rəşt şəhərində müasir yapon texnologiyası əsasında çay emal edən və qablaşdıran avadanlıqların alınması üçün müqavilələr imzalamışıq. Həmin avadanlıqlar aprel ayının 20-dək gətirilib müssisəmizdə quraşdırılmalıdır. Bir daha bildirməliyəm ki, görülən bütün işlər cənab İlham Əliyevin kənd təsərrüfatına ardıcıl diqqəti və qayğısı sayəsində mümkün olmuşdur. Belə ki,İqtisadiyyat Nazirliyindən aldığımız “İnvestisiya Təşviqi Sənədi”nə görə 7 il müddətinə torpaq vergisindən, əlavə dəyər vergisindən və gömrük rüsumundan tam azad olmuşuq. Həmçinin,son illərdə Prezident İlham Əliyev tərəfindən qeyri-neft sektorunun inkişafının uğurla davam etdirilməsi aqrar sahəni ön plana çəkib. Kənd təsərrüfatı məhsulları, o cümlədən çay yarpağı istehsalçılarına, çay tingi yetişdirənlərə subsidiyaların, güzəştli qaydada mineral gübrələrin verilməsi və sonra həmin güzəştlərin artırılması bu qəbildəndir. 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan edilməsi ölkədə aqrar sahəyə diqqətin bariz nümunəsidir. “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”, “Kənd təsərrüfatının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında sərəncam”, “Azərbaycan Respublikasında sitrus meyvələri, çay və çəltik istehsalının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam və digər mühüm qərarlar aqrar sahənin, o cümlədən çayçılığın sürətli inkişafında yeni bir mərhələ açıb. “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018-2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi aqrar sahənin sürətli inkişafında yeni bir mərhələnin başlanmasından xəbər verir. Çayçılıq sahəsində çalışan bir sahibkar kimi bu Proqramın qəbulunu çoxdan gözləyirdim. Yeni qəbul edilən Proqram həm də cənab Prezidentin bu sahəyə nə qədər önəm verdiyini əyani surətdə göstərdi. Yeni Dövlət Proqramı çayçılığın inkişaf etdirilməsi, çay məhsullarına tələbatın yerli istehsal hesabına təmin olunması, çayçılığın ixrac potensialının artırılması, kənd əhalisinin, xüsusən qadınların məşğulluğunun və maddi rifahının yüksəldilməsinə böyük töhfə verəcək və bu istiqamətdə görülən işlərin sürətlənməsinə səbəb olacaqdır. Biz də nəzərdə tutmuşuq ki, yaxın illərdə çay sahələrinin həcmini 100 hektara çatdıraq.

Bir sahibkar kimi cənab İlham Əliyevin bürokratik maneələri aradan qaldırılmasında apardığı islahatlardan danışmamaq mümkün deyildir. Məhz cənab Prezidentin təşəbbüsü ilə “ASAN xidmət” mərkəzləri yaradılıb, bununla da dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, vətəndaşlara göstərilən xidmətlərin təkmilləşdirilməsi təmin olunub. Təsadüfi deyil ki, Azərbaycan brendi olan “ASAN xidmət” dünyada böyük maraq doğurub və bu bir sıra ölkələr tərəfindən diqqətə öyrənilir, bu günlərdə isə BMT-nin İnsan Hüquqları Şurasında “ASAN xidmət” təcrübəsinin təşviqinə dair qətnamə qəbul olunub.

Prezident İlham Əliyev hakimiyyətə gəldiyi gündən əhalinin rifahının yaxşılaşdırılması, sosial problemlərin həlli, insanların müasir səhiyyə xidmətləri ilə təmin olunması istiqamətində ardıcıl addımlar atılır. İndiyədək İlham Əliyevin prezidentlik dövründə apardığı ardıcıl sosialyönümlü siyasət göstərir ki, Azərbaycanı qarşıda daha işıqlı, parlaq gələcək gözləyir. Biz sahibkarların İlham Əliyevdən başqa alternativi yoxdur. İndiyədək nə əldə etmişiksə, məhz müdrik dövlət başçısı cənab İlham Əliyevin yürütdüyü uzaqgörən siyasəti nəticəsində mümkün olmuşdur. Biz “Yaşıl çay” FT MMC-nin kollektivi olaraq bir ailə kimi qarşıdan gələn seçkilərdə fəal iştirak edəcək, gələcək uğurlarımızın qarantı, işıqlı gələcəyimizin təminatçısı cənab İlham Əliyevə səs verəcəyik. Mən bütün sahibkarları da, çalışdığı sahədən, yaşadığı yerdən asılı olmayaraq hamılıqla seçkilərdə iştirak etməyə və iş adamlarının hamisi cənab İlham Əliyevə səs verməyə çağırıram! Çünki bizim İlham Əliyevdən başqa alternativimiz yoxdur. Yalnız İlham Əliyev sahibkarlığın inkişafı ilə bağlı həyata keçirdiyi çoxsaylı proqramları davam etdirib, yüksək səviyyəyə çatdıra bilər. Gəlin, ölkəmizdə azad iqtisadi mühitin qarantı, iş adamlarının yaxın dostu və hamisi cənab İlham Əliyevə səs verək!

Araz Yağubov,

“Yaşıl çay” FT MMC-nin direktoru

Bütün xəbərlər Facebook səhifəmizdə