Mərkəzi Bankda Qlobal Pul Həftəsi münasibətilə tədbirlər keçirilib

Bakı: Azərbaycan Respublikasının Mərkəzi Bankı 12-18 mart 2018-ci il tarixlərində dünyanın 180-dən çox ölkəsində qeyd olunan Qlobal Pul Həftəsi münasibətilə uşaq və gənclər üçün müxtəlif tədbirlər təşkil edib. SİA-nın məlumatına görə, bu məqsədlə, Azərbaydan Dövlət İqtisad Universitetinin bank işi üzrə magistr pilləsində təhsil alan bir qrup tələbəyə maarifləndirici seminar keçirilibdir. Seminarda tələbələrə Mərkəzi Bankın iqtisadi maarifləndirmə çərçivəsində həyata keçirdiyi tədbirlər, maarifləndirici resurslar, həmçinin maliyyə savadlılığı portalı və virtual təhsil platforması, eləcə də milli pul nişanları, onların ekspertizası, pul nişanlarının saxtakarlığına qarşı mübarizə, nağdsız ödənişlərin üstünlükləri və milli ödəniş sistemləri ilə bağlı məlumatlar verilmişdir.

Eyni zamanda, 8-12 yaşlı uşaqlar üçün “Milli pul nişanları uşaqların dünyasında” adlı tədbir keçirilmiş və onların Azərbaycan Respublikası milli pul nişanlarını tanımalarını təşviq etmək üçün pul tarixi və pul nişanları barədə məlumatlar təqdim edilmişdir. Həmçinin bu tədbirdə məktəblilər milli manatımız haqqında şeir, tapmaca və hekayə söyləmiş, çəkdikləri rəsm və hazırladıqları digər resursları nümayiş etdirmişlər. Uşaqlara Mərkəzi Bankın mütəxəssisləri tərəfindən saxta pulları müəyyənləşdirməyin yolları göstərilmiş, eləcə də Mərkəzi Bankın Xəzinəsinə ekskursiya təşkil edilmişdir.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə