Braziliyada Azərbaycan - Qoyas ştatı biznes forumu keçirilib

Braziliyanın Qoyas ştatının paytaxtı Qoyaniya şəhərində Azərbaycanın Braziliyadakı səfirliyi və ştatın qubernatorluğunun dəstəyi ilə Qoyas Sənayeçiləri Federasiyasının binasında Azərbaycan – Qoyas biznes forumu keçirilib.

“Report” xəbər verir ki, biznes forum zamanı ştatın Sənayeçilər Federasiyasının vitse-prezidenti Flavio Falkao tərəfindən Qoyas ştatının investisiya potensialına dair geniş videoçarx nümayiş etdirildikdən sonra, səfir Elxan Poluxov tərəfindən Azərbaycanın investisiya potensialı, ölkənin xaricdəki sərmayələri, müstəqillik illərindən bu günədək əldə edilmiş siyasi və iqtisadi uğurlar, regional və qlobal miqyaslı layihələr, eləcə də, Azərbaycanın daxili və xarici siyasətinin nailiyyətləri və Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair ətraflı təqdimat keçirilib.

Tədbirdə ştatın kənd təsərrüfatı, əczaçılıq, ətçilik, dənli bitkilər və ticarət üzrə federasiyalarının rəhbərləri işitrak edib və Elxan Poluxov tərəfindən onların müxtəlif sualları cavablandırılıb.

Məlumat üçün bildirək ki, əhalisi 7 milyon olan və ümumdaxili məhsulu 55 milyard ABŞ dolları təşkil edən Qoyas ştatı çox sahədə ölkənin aparıcı 3 ştatı siyahısındadır.

Bütün xəbərlər Facebook səhifəmizdə