"GUAM üzv ölkələri dəyirmi masa keçirib

Martın 15-16 tarixlərində Ukraynanın paytaxtı Kiyev şəhərində GUAM Katibliyində, GUAM-ın sektor əməkdaşlığının aktivləşdirilməsi ilə bağlı fəaliyyət planına uyğun olaraq "GUAM üzv ölkələrin Rəqəmsal Ticarət Qovşağı"nın işlənib hazırlanmasına dair dəyirmi masa keçirilib. Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru İqbal Babayev iştirak edib.

SİA-nın məlumatına görə, iştirakçıları salamlayan GUAM Katibliyinin proqram koordinatoru Səbuhi Temirov GUAM üzv ölkələrin rəqəmsal ticarət qovşağının yaradılması təşəbbüsü və bu layihədən gözləntilər barədə məlumat verib. Dəyirmi masanın iştirakçıları rəqəmsal texnologiyaların azad ticarət zonası və GUAM nəqliyyat dəhlizinin inkişafında tətbiqi perspektivləri, eləcə də rəqəmsal ticarət qovşağının GUAM-a üzv dövlətlərin kiçik və orta biznes nümayəndələri tərəfindən istifadəsi perspektivlərini müzakirə ediblər.

Dəyirmi masa çərçivəsində Dövlət Gömrük Komitəsi Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi İqbal Babayev GUAM-ın qərəmsal ticarət qovşağının ümumi konsepsiyasını təqdim edib. "BEST Solutions" şirkətinin rəhbəri, xanım Yana Krimpe öz çıxışı zamanı GUAM-a üzv ölkələrin dövlət sərhədləri vasitəsilə keçirillən mal və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi zamanı elektron, o cümlədən mobil imzaların tanınması konsepsiyasının işlənib hazırlanması və qəbulunun xüsusi əhəmiyyətini qeyd edib.

Görüşün yekununda "GUAM üzv ölkələrin Rəqəmsal Ticarət Qovşağı" layihəsinin həyata keçirilməsi üçün təşəbbüs qrupunun yaradılması, GUAM-a üzv ölkələr arasında pilot transsərhəd xidmətlərin müəyyən olunması, eləcə də "GUAM üzv ölkələrin Rəqəmsal Ticarət Qovşağı"nın fəaliyyətinə dair təkliflərin işlənib hazırlanması ilə bağlı qərar qəbul olunub.

Dəyirmi masa çərçivəsində həmçinin GUAM-Yaponiya kiçik və orta biznesin təşviqinə dair seminarda iştirak edən ekspertlərin görüşü keçirilib. Tədbir çərçivəsində iştirakçılar bu sahədə mümkün layihələrə dair təkliflər layihəsi işləyib hazırlayıblar və onlara dair qeyd və təkliflərin təqdim olunması ilə bağlı razılığa gəliblər.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...