“Əməyin gələcəyi” mövzusunda dəyirmi masa keçirilib - FOTOLAR

Martın 15-də ADA Universitetində “Ekspo 2025” Ümumdünya Sərgisinə namizəd ölkə Azərbaycan tərəfindən təqdim edilmiş mövzulardan biri olan “Əməyin gələcəyi” mövzusunda dəyirmi masa keçirilib. “Ekspo 2025 Bakı” əməliyyat katibliyindən SİA-ya bildirilib ki, müzakirədə Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinin nümayəndəsi Rəna Abdullayeva, əmək bazarı üzrə ekspert İlkin Nəzərov, Ekspo 2025 Bakı mövzu liderlərindən biri Məryəm Qafarzadə, həmçinin, riyaziyyat müəllimi Əli Mərdanov iştirak edib

Rəna Abdullayeva tələbələrə demoqrafiya və texnologiyanın təsirləri məzmununda Azərbaycan iqtisadiyyatının qarşısında duran çətinliklər barəsində ətraflı məlumat verib. Azərbaycan əhalisinin dünyanın ən gənc əhalilərindən biri olması faktını qeyd edərək, diqqətini uzunmüddətli proqnozlara və əhalinin demoqrafik strukturunun dəyişilməsinə yönəldib və Azərbaycan hökumətinin bu sahələrdə islahatlar apardığına istiqamətləndirib. Nazirlik nümayəndəsi hazırda Azərbaycan əhalisinin 71,3 faizini 15-64 yaş arası insanların, 14 yaşa kimi olan uşaqların isə 22 faiz təşkil etdiyini bildirib.

Rəna Abdullayeva qeyd edib ki, uzunmüddətli perspektivdə Azərbaycan əhalinin qocalması problemi ilə üzləşir və artıq respublika hökuməti bu problemin həlli yolları üzrə iş aparır. Bildirilib ki, Azərbaycan, həmçinin Beynəlxalq Əmək Təşkilatının 104-cü sessiyasında “Future of Work” mövzusunun müzakirəsi təşəbbüsünü irəli sürən ilkin dövlətlərdən biri idi.

Məryəm Qafarzadə “Ekspo 2025 Bakı” layıhəsini təqdim edərək, universitet tələbələrinin Dünya Sərgisinin ölkəyə qazandıracağı uzunmüddətli mənfəətlər barəsində olan suallarını cavablandırıb. Məryəm Qafarzadə Azərbaycan gəncləri üçün təsiredici “İnsan kapitalını inkişaf etdirərək, daha yaxşı gələcək quraq” mövzusunun əhəmiyyətini xüsusi vurğulayıb.

Ekspert İlkin Nəzərov öz çıxışında, “World Expo 2025”in Azərbaycanda əmək bazarının inkişafına müsbət təsiri barədə danışıb.

Riyaziyyat müəllimi Əli Mərdanov təhsilin dəyişən əmək bazarı şərtləri məzmunundakı rolu haqqında öz fikirlərini bölüşüb.

Təqdimatın davamında isə ekspertlər dəyirmi masa iştirakçılarının suallarını cavablandırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə