Güləli Bağırov: “AICC-2018” peşəkarları bir araya gətirəcək” - AÇIQLAMA

“Bu il Azərbaycanda ilk dəfə turizm sahəsində ən böyük sərgi təşkil ediləcək. “AICC-2018” Hotel, Restoran, Turizm və Səyahətlər Sərgisi mayın 6-da öz işinə başlayacaq. Bu sərgi bir neçə ildir ki, dünyada öz aktuallığını qoruyub saxlayır”. Bunu SİA-ya açıqlamasında “AICC-2018” Hotel, Restoran, Turizm və Səyahətlər Sərgisinin direktoru Güləli Bağırov deyib.

O, sözügedən sərginin müxtəlif istiqamətlərdə turizm imkanlarını nümayiş etdirəcəyini vurğulayıb. Bunun Azərbaycanın dünyada daha da çox tadıdılması üçün önəmli bir tədbir olduğunu bildirən G.Bağırov “AICC-2018”in peşəkarları bir araya gətirəcəyini deyib: “Sərgi zamanı mühüm görüşlər keçiriləcək, tərəfdaşlıq müqavilələri imzalanacaq, yeni proqram və turizm marşrutları elan ediləcək. Burada potensial alıcı və tərəfdaşlarla işgüzar əlaqələr qurulacaq, yeniliklərlə tanış olmaq imkanı yaranacaq”.

Sərginin direktoru əlavə edib ki, tədbirə dünyanın bir çox ölkələrinin şirkətləri qatılacaq: “AICC-2018”də Azərbaycan, Bolqarıstan, Çexiya, Dominikan, Gürcüstan, Indoneziya, İtaliya, İsveçrə, Mərakeş, Rusiya, Sloveniya, Tailand, Türkiyə və bir sıra digər ölkələrin şirkətləri iştirak edəcək. Ümumilikdə sərgiyə 150-ə yaxın xarici şirkətin, 5-6 min qonağın gəlməsi gözlənilir. Burada “Tibbi və Sağlamlıq Turizmi” sektorunu təmsil edən şirkətlər də olacaq. Tədbir zamanı sorğu keçiriləcək və sərgidə iştirak edən şirkətlər arasında Azərbaycanın ən yaxşı 3 oteli, 3 restoran şəbəkəsi və 3 turzim şirkətləri seçiləcək. Sonda yerli və xarici şirkətlərə ziyafət veriləcək”.

Qeyd edək ki, AICC-2018 Hotel, Restoran, Turizm və Səyahətlər Sərgisi Bakıda “Alov qüllələri” kompleksi (ing. Flame Towers) mərkəzində keçiriləcək.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...