Bu il Azərbaycanda qazlaşma səviyyəsi 95 faizə çatacaq

Son illərdə Xəzərin ölkəmizə məxsus sektorunda kəşf edilmiş yeni yataqlar Azərbaycanın həm də zəngin qaz mənbələrinə malik olduğunu göstərib. Azərbaycan, qısa müddət ərzində, dünyada qaz ixrac edən ölkə kimi tanınıb. Bu, ilk növbədə, böyük ehtiyatlara malik "Şahdəniz" yatağının sayəsində baş vermişdir. "Şahdəniz" həm də Azərbaycan qazını Avropaya nəql edəcək 3500 kilometrlik "Cənub Qaz Dəhlizi"nin əsas ehtiyat mənbəyidir. Lakin "Şahdəniz" Xəzərdə tək deyil. Yaxın gələcəkdə bir sıra digər perspektivli yataqlardan da hasilata başlanacaq.

"Şahdəniz" sahildən təxminən 75 kilometr cənubda yerləşən nəhəng yataqdır. Nəhəngliyi onunla sübut olunur ki, bu yatağın ehtiyatlarını iki mərhələdə işləmək lazım gəlib. Mütəxəssislərin dediklərinə görə, hətta "Şahdəniz-3"ün də olacağı istisna deyil. "Şahdəniz-1"dən 11 ildir ki, qaz hasil olunur. 2006-cı ilin sonlarından başlayaraq mavi yanacaq Cənubi Qafqaz Boru Kəməri (CQBK) vasitəsilə Azərbaycana və Gürcüstana, 2007-ci ildən isə bu kəmərə birləşən 280 kilometrlik xətlə Ərzurumadək (bütövlükdə, Bakı-Tbilisi-Ərzurum kəməri) çatdırılır. Artıq "Şahdəniz-2" layihəsi üzrə quruda və dənizdə aparılan işlərin 96 faizi tamamlanıb. Genişləndirilən CQBK "Şahdəniz-2"nin ilk qazını Gürcüstan-Türkiyə sərhədinə çatdıracaq. Türkiyə ərazisində isə qazı 1900 kilometrlik TANAP (Transanadolu Qaz Boru Kəməri) nəql edəcək. 2020-ci ildən Azərbaycan qazı TAP (Transadriatik Qaz Boru Kəməri) vasitəsilə Avropa ölkələrinə də ixrac edilməyə başlayacaq.

TAP-ın ən böyük hissəsi Yunanıstanda yerləşir. Belə ki, bu ölkənin ərazisində 550 kilometrlik yol keçən kəmər Albaniyada 210, Adriatik dənizinin dibində 105 kilometr məsafə qət edir. Kəmərin İtaliyanın Puqlia bölgəsində sahilə çıxan bir neçə kilometrlik hissəsi həmin ölkənin qazpaylayıcı şəbəkəsinə qoşulur. Beləliklə, indi 7 ölkə - Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya və Albaniya "Cənub Qaz Dəhlizi"nin üzvüdür. Daha üç Balkan ölkəsi - Xorvatiya, Monteneqro, Bosniya və Herseqovina isə layihənin növbəti mərhələsində Azərbaycanın tərəfdaşları olacaqlar. Gələcəkdə ara keçid boru kəmərləri ilə İsveçrə, Avstriya, Fransa, Almaniya və Belçikaya, hətta İngiltərəyə də təbii qaz transferinin mümkün olacağı istisna edilmir.

İlkin mərhələdə Türkiyəyə ildə 6 milyard kubmetr, Avropaya 10 milyard kubmetr qaz ixrac olunacaq. Daha sonra nəql edilən qazın həcmi artaraq, 2023-cü ildə 23 milyard kubmetrə, 2026-cı ildə 31 milyard kubmetrə çatacağı gözlənilir. Bununla yanaşı, "Abşeron", "Ümid", "Babək", "Qarabağ", "Dan ulduzu", "Əşrəfi", "Şahdəniz-3" və digər yataqlar "Cənub Qaz Dəhlizi"nin növbəti inkişaf mərhələsində ehtiyat bazası ola bilər. Bu yataqlar sırasında "Abşeron"un xüsusi yeri var.

2017-ci ilin fevralında SOCAR layihənin İşlənmə Proqramını təsdiq edib. İşlənməyə Erkən Hasilat Proqramı ilə start veriləcək. Bu proqrama əsasən, 2019-cu ilin sonu üçün yerli bazar qazla təmin ediləcək. "Abşeron" bloku dənizdə, Bakıdan 100 kilometr aralıda, suyun 500 metr dərinliyində yerləşir. Birinci quyunun qazılmasından sonra aparılan araşdırmaların nəticələri quyuda bir neçə trilyon kubfut qaz və kondensatın olduğunu təsdiq edib. "Abşeron"un kəşfindən sonra ilkin layihə işlərinə start verilib. İlkin işlənmə mərhələsinin nəticələri, eləcə də, dünya iqtisadiyyatının, o cümlədən, neft-qaz sənayesinin hazırkı vəziyyəti nəzərə alınaraq, "Abşeron" yatağının işlənməsinə erkən hasilat planı ilə başlamaq qərara alınıb.

Bütün bunlar ölkənin başdan-başa qazlaşdırılması işinin tamamlanmasına imkan verəcək. Hazırda Azərbaycanda qazlaşma 93 faizə çatıb. Ən ucqar kəndlərə qədər qaz xətləri çəkilib. Hədəf bütün kəndlərin qazlaşdırılmasıdır və buna nail olunacaq. Zəngin yataqlar bütün Azərbaycanı, eləcə də, bir sıra digər ölkələri mavi yanacaqla təmin edəcək. Bu mənada, bu il Prezident İlham Əliyevin imzaladığı Sərəncam da ölkədə qazlaşma səviyyəsinin daha da yüksəldilməsinə əlavə təkan verəcək. Belə ki, Azərbaycanda qazlaşma səviyyəsinin 95 faizə çatdırılması məqsədilə SOCAR-a 100 milyon manat ayrılıb.

Azərbaycan Prezidenti İlham Əliyev martın 5-də "Yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, 2018-ci ilin sonuna kimi ölkədə qazlaşma səviyyəsinin 95 faizə çatdırılması istiqamətində işlərin davam etdirilməsi məqsədilə SOCAR-a 100 milyon manat ayrılıb.

2018-ci ildə Lənkəran rayonunun Mollakənd və Şovu kəndlərinin, Şəkinin Çayqaraqoyunlu, Baş Küngüt, Yevlaxın Rüstəmli, Qaraməmmədli, Ağcabədinin Biləyən, Şotlanlı, Ağdaşın Orta Ləki, Aşağı Nemətabad, Ağsunun Nuran kəndinin, Astaranın Rinə kəndinin, Beyləqanın Əmirzeydli kəndinin, Bərdənin Hacıbəyli, Kafarlı, Cəlilabadın Cəlayir kəndinin, Daşkəsənin Quşçu, Bayan, Gədəbəyin Çaldaş, Səbətkeçməz, Goranboyun Həmənli kəndinin, Göyçayın Kürdşaban, Şəkili, Göygölün Şəhriyar, Kərəmli, Çaykənd, Xaçmazın Krasnı Xutor kəndinin, İmişlinin Aranlı, Qızılkənd, İsmayıllının Lahıc, Qaraqaya, Gəndov, Namazgah, Kürdəmirin Qarasu kəndinin, Qaxın Meşəbaş kəndinin, Qəbələnin Mıxlıqovaq, Kötüklü, Qobustanın Şıxzahırlı kəndinin, Qubanın Ərməki, Güneyməhlə, Qusarın Piral, Cibir və Lerikin Veri kəndinin qazlaşdırılması nəzərdə tutulur.

Bundan başqa, cari il ərzində Masallı rayonunun Tatyanoba və Güllütəpə kəndlərinin, Neftçalanın Ərəbqardaşbəyli, Cəngan, Oğuzun Muxas kəndinin, Saatlının Məzrəli, Azadkənd, Sabirabadın Yuxarı Axtaçı, Yastıqobu, Salyanın Düzənlik, Peyk, Siyəzənin Qozağacı kəndinin, Şabranın Sumağava Qazma, Qorğan, Şamaxının Bağırlı, Ovçulu, Şəmkirin Yeni Göyçə kəndinin və Şəmkir şəhərinin "Sərxan" adlanan ərazinin, Qaracəmirli kəndində yeni massivin, Tərtərin Soyulan, Hacallı, Alışarlı, Rəcəbli, Kövdadıq, Bildirçinli, Umudlu və Aşağı Qapanlı kəndlərinin, Tovuzun Hunanlar, Əhmədabad, Ucarın Ramal, Əlikənd, Yardımlının Gavran kəndinin, Zaqatalanın Bəhmətli, Lahıc, Zərdab rayonunun Şıxbağı və Nəzəralılı kəndlərinin qazlaşdırılması planlaşdırılır.

Məcburi köçkünlərin yaşadığı ərazilər üzrə isə il ərzində 3 rayonda 4 qəsəbənin qazlaşdırılması nəzərdə tutulur: Ağdam rayonunun Ergi adlanan ərazisində salınmış qəsəbəsinin (Ağdam, Şuşa və Laçından olan məcburi köçkünlər) və "Mirzələr" qış otlağı ərazisində salınmış yaşayış massivin (Şuşadan olan məcburi köçkünlər), Ağcabədi rayonunun Taxtakörpü adlanan ərazidə salınmış qəsəbəsinin (Laçından olan məcburi köçkünlər), Sabirabad rayonunun Rüstəmli kəndinin ərazisində salınmış qəsəbəsinin (Zəngilandan olan məcburi köçkünlər).

Beləliklə də, Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, cari ildə 44 rayon üzrə 79 kənd və 4 qəsəbə tamamilə qazlaşdırılacaq və bu il Azərbaycanda qazlaşma səviyyəsi 95 faizə çatacaq.

"Səs" Analitik Qrupu

Bütün xəbərlər Facebook səhifəmizdə