Fazil Mustafa: "Prezidentin imzaladığı sərəncamı müsbət qarşılayıram"

Vəkillik institutu ilə bağlı prezidentin imzaladığı sərəncamı müsbət qarşılayıram. Xüsusilə də imzalanan sərəncamda imkansız vətəndaşların dövlət hesabına vəkillərlə təmin olunması, həmçinin vəkillərin ödəniş məbləğinin üç dəfə artırılmasını da təqdir olunandır”. SİA-nın məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

Deputat vəkilliyə qəbulda keçid balının 60 baldan 50 bala endirilməsini də vacib sayıb.

“Vəkillik bilavasitə təcrübə ilə bağlı fəaliyyət növüdür. 1800 adamdan əgər 600 nəfər keçirsə, bu, olduqca az adamdır. Həmçinin hesab edirəm ki, dövlət qulluğuna qəbul imtahanları zamanı müsahibə mərhələsi ləğv edilməlidir. Yalnız Dövlət İmtahan Mərkəzinin keçirdiyi test imtahanının nəticələri əsasında vətəndaşlar müvafiq vəzifələrə qəbul edilməlidir”.

Deputat Əli Hüseynli isə deyib ki, prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam çox əhəmiyyətlidir.

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri bəzi deputatların vəkilliyin test imtahanı ilə bağlı dəyişiklik təklifi ilə razılaşmayıb.

“Çünki biz fiziki şəxslərin qanuni nümayəndəlik institutunu ləğv edəndə arqumentimiz ondan ibarət idi ki, Konstitusiyaya görə dövlət peşəkar hüquqi müdafiəni təmin etməlidir. Ona görə də biz qanunvericilikdə düzəliş etdik və hazırda məhkəmələrdə hüquqların müdafiəsi yalnız Vəkillər Kollegiyasının üzvü tərəfindən aparıla bilər. Əgər vəkillər peşəkar olmazsa, onlar məhkəmədə çəkişmə prinsipinin tətbiqində zəif görünə bilərlər. O arqumenti qəbul edə bilmərik ki, ittihham tərəfi, yəni prokurorlar bütün test mərhələlərini keçsin, amma vəkillər bundan keçməsin. Problemin həlli yolu bundan ibarət deyil. Sonuncu test imtahanı göstərdi ki, orada iştirak edənlər imtahanı müvəfəqiyyətlə veriblər”.

Ə.Hüseynli qeyd edib ki, həm dövlət qulluğunda, həm də hakimlərin seçkisində ikinci və növbəti mərhələ əhəmiyyət kəsb edir.

“Yalnız yazılı test imtahanı vermək peşəkarlığın yeganə göstəricisi deyil. Sərəncamdakı müddəaların tətbiqi vəkillərin sayının artırılmasına gətirib çıxaracaq. Nəticə belə olmalıdır ki, ədalət mühakiməsini həyata keçirən tərəflər (ittiham tərəfi, müdafiə tərəfi) peşəkarlıq baxımından eyni səviyyədə hazırlıqlı şəxslər olsun”.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...