Cavid Qurbanov: "Yaxın aylarda Astara-İran dəmir yolunun istifadəyə verilməsi gözlənilir"

Vyanada Azərbaycan və Rusiya dəmir yolları rəhbərləri arasında görüş keçirilib

Vyanada keçirilən "Strateji Tərəfdaşlıq 1520: Mərkəzi Avropa” biznes-forumu çərçıvəsində "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovla "Rusiya Dəmir Yolları” ASC-nin Prezidenti Oleq Belozyorov arasında ikitərəfli görüş keçirilib. “Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, ikitərəfli görüşdə "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin qərb hissəsindən kecən ərazisinin gələcək inkişafı, Samur-Astara və Samur-Axalkalaki istiqamətində yüklərin və sərnişinlərin daşınmasının gələcək inkişafı və tarif şərtləri və digər məsələlər müzakirə olunub.

"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov bildirib ki, ölkələrimizin önəm verdiyi beynəlxalq nəqliyyat layihələrindən biri də “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizidir.

Azərbaycan tərəfi öz üzərinə düşən vəzifələri qısa zaman ərzində yerinə yetirib. Hazırda Astarada (İran) 35 hektar ərazidə dəmir yolu stansiyasının tikintisi və yüklərin boşaldılması üçün terminalların inşası da başa çatmaq üzrədir.Yaxın aylarda Astara (Azərbaycan)-Astara (İran) beynəlxalq dəmir yolunun istifadəyə verilməsi gözlənilir. Bu günlərdə Astara (Azərbaycan)-Astara (İran) dəmir yolu marşrutu ilə Rusiya Federasiyasından gələn 6 vaqondan ibarət ilk sınaq yük qatarı İrana yola salınıb.

"Rusiya Dəmir Yolları” ASC-nin Prezidenti Oleq Belozyorov "Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində Azərbaycan tərəfinin gördüyü işləri yüksək qiymətləndirib və bu marşruta yük axınının cəlb edilməsi üçün bütün imkanların səfərbər edilməsinin vacib olduğunu bildirib.

Qeyd edək ki, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında Razılaşma Rusiya Federasiyası, İran İslam Respublikası və Hindistan arasında 12 sentyabr 2000-ci ildə Sankt-Peterburq şəhərində bağlanmışdır. Razılaşma 21 may 2002-ci il tarixdən qüvvəyə minmişdir. Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə