Azərbaycan-İordaniya Hökumətlərarası Komissiyasının 3-cü iclası keçirilib

İordaniyanın Əmman şəhərində Azərbaycan Respublikası hökuməti və İordaniya Haşimilər Krallığı hökuməti arasında Ticarət, İqtisadi və Texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 3-cü iclası keçirilib.

İclasda Azərbaycanı iqtisadiyyat naziri, Hökumətlərarası Komissiyanın həmsədri Şahin Mustafayevin, İordaniya tərəfdən isə sənaye, ticarət və təchizat naziri Yarub Qudahın rəhbərlik etdikləri və müvafiq dövlət qurumlarının nümayəndələrinin daxil olduğu nümayəndə heyətləri təmsil edib.

SİA xəbər verir ki, nazir Şahin Mustafayev ölkələrimiz arasında 25 il əvvəl qurulmuş əlaqələrin hazırda mehriban dostluq və qarşılıqlı maraq prinsipləri əsasında inkişaf etdiyini qeyd edib. Vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin və İordaniya kralı II Abdullah bin Hüseynin yüksək səviyyəli qarşılıqlı rəsmi səfərləri ikitərəfli əlaqələrin inkişafında xüsusilə önəmlidir.

Şahin Mustafayev deyib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair ədalətli mövqe tutan İordaniya Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir. Beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq əlaqələri qurulub və müsbət istiqamətdə davam edir. İordaniyanın İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Ermənistanın Azərbaycana qarşı təcavüzü üzrə Əlaqələndirmə Qrupuna qoşulması qurumun fəaliyyətinə əhəmiyyətli töhfə verə bilər.

Azərbaycanın islam ölkələri ilə əlaqələrin inkişafına böyük önəm verdiyini diqqətə çatdıran Şahin Mustafayev 2017-ci ilin Azərbaycanda İslam Həmrəyliyi İli elan olunduğunu, Bakıda İordaniyadan idmançıların da iştirak etdiyi 4-cü İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə keçirildiyini xatırladıb.

Qeyd edilib ki, ölkələrimiz arasında siyasi əlaqələrin yüksələn xətlə inkişafı Azərbaycan-İordaniya iqtisadi əməkdaşlığının genişlənməsinə də böyük imkanlar yaradır. İndiyədək müxtəlif sahələrdə əməkdaşlığa dair 42 sənəd imzalanıb, hazırda elm, maliyyə, hava əlaqəsi, təhlükəsizlik, dənizçilik, vergi, kənd təsərrüfatı və digər sahələr üzrə 9 sənəd layihəsi müzakirə mərhələsindədir.

Görüşdə Hökumətlərarası Komissiyanın iqtisadi əlaqələrin inkişafında müsbət rolu vurğulanıb. Bildirilib ki, hazırda Azərbaycanda ticarət və xidmət sahələrində 9 İordaniya şirkəti fəaliyyət göstərir. 2017-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 37 faiz artıb. Bununla belə, ticarət əlqələrinin genişləndirilməsi üçün böyük potensial var.

Diqqətə çatdırılıb ki, elektron viza sisteminin tətbiqi Azərbaycana turist səfərlərinin təşkilini asanlaşdırıb. 2017-ci ildə İordaniyadan Azərbaycana gələn turistlərin sayı 55 faiz artıb. 2018-ci ilin yay mövsümündə birbaşa uçuşların yerinə yetirilməsi üçün turizm operatorları ilə danışıqlar aparılır. Təhsil sahəsində də uğurlu əməkdaşlıq qurulub və hazırda Azərbaycanda 40 İordaniya vətəndaşı təhsil alır. Azərbaycanla İordaniya arasında bir sıra mühüm sosial layihələr həyata keçirilir. Əmmanın Bədr rayonunda prospekt və meydan ümummilli lider Heydər Əliyevin adını daşıyır. 2007-ci ildə Bakı Şəhər İcra Hakimiyyəti və Böyük Əmman Bələdiyyəsi arasında dostluq və əməkdaşlıq haqqında Protokol imzalanıb.

Nazir Şahin Mustafayev daha sonra Azərbaycan iqtisadiyyatı barədə ətraflı məlumat verib, regionda həyata keçirilən beynəlxalq əhəmiyyətli layihələrin ölkəmizin təşəbbüsü və iştirakı ilə reallaşdığını vurğulayıb. Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti, investisiya təşviqi mexanizmləri, sənaye parkları və Ələt Azad Ticarət Zonası barədə danışan İqtisadiyyat naziri İordaniyalı iş adamlarını bu imkanlardan yararlanmağa, Azərbaycana sərmayə yatırmağa dəvət edib.

İordaniya Haşimilər Krallığının sənaye, ticarət və təchizat naziri Yarub Qudah ölkəsinin Azərbaycanla əlaqələrin genişlənməsinə maraq göstərdiyini, bunun üçün hər iki ölkənin böyük potensiala malik olduğunu qeyd edib. O, İordaniyanın iqtisadiyyatı barədə məlumat verib, Azərbaycanla əməkdaşlığın genişləndirilməsi istiqamətləri barədə fikirlərini bildirib.

İclasda Azərbaycan və İordaniya arasında iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlıq və əlaqələrin inkişaf perspektivlərinə dair müzakirələr aparılıb.

Tədbirin sonunda Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında ticarət, iqtisadi və texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 3-cü iclasının yekunlarına dair Protokol imzalanıb. Sənədi Komissiyanın həmsədrləri – Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev və İordaniya Haşimilər Krallığının sənaye, ticarət və təchizat naziri Yarub Qudah imzalayıb. Sənəd ticarət, investisiyalar, sənaye, energetika, nəqliyyat, rabitə və yüksək texnologiyalar, təhsil, kənd təsərrüfatı, mədəniyyət və turizm, standartlaşdırma, su təsərrüfatı, gömrük, əmək və əhalinin sosial müdafiəsi, ətraf mühit və digər sahələrdə əməkdaşlığı əhatə edir.

Bütün xəbərlər Facebook səhifəmizdə