Zərdabda yem emalı müəssisəsi açılıb

Azərbaycan Hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin birgə maliyyələşdirdiyi layihə çərçivəsində Zərdab rayonunun Gəlmə kəndində tikilmiş yem emalı müəssisəsi fəaliyyətə başlayıb.

Bununla əlaqədar İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə keçirilmiş tədbirdə nazir müavini Sahib Məmmədov Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə ölkədə qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi, regionların tarazlı və davamlı inkişafı sahəsində həyata keçirilən tədbirlər və əldə olunan uğurlar barədə məlumat verib, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması və sahibkarlığın inkişafının iqtisadi siyasətin prioritet istiqamətlərindən olduğunu vurğulayıb. Nazir müavini qeyd edib ki, regionlarda icma əsaslı biznesyönümlü layihələrin icrası, o cümlədən Zərdab rayonunun Gəlmə kəndində yem emalı müəssisəsinin istifadəyə verilməsi bölgədə aqrar sektorun inkişafı və məşğulluğun artırılmasında əhəmiyyətli tədbirlərdən biridir.

Qeyd edək ki, müəssisədə yem emalı üçün istehsal sahəsi və anbar inşa olunub, hər birinin gücü saatda 2 ton olan toxum təmizləyən, yem üyüdən və ot doğrayan avadanlıqlar quraşdırılıb, yeni iş yerləri açılıb.

Zərdab Rayon İcra Hakimiyyətinin nümayəndəsi Namiz Rüstəmov yem emalı müəssisəsinin istifadəyə verilməsinin kənd sakinlərinin heyvandarlıq və bitkiçilik sahəsində fəaliyyətinin genişlənməsinə və yemə olan tələbatın ödənilməsinə şərait yaradacağını diqqətə çatdırıb.

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin əməkdaşı Rendal Osen birgə layihə çərçivəsində görülən işlərdən danışıb, bu tədbirlərin regionların inkişafına töhfə olduğunu bildirib.

Tədbirdə çıxış edən kənd sakinləri göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə