TANAP-ın təqribən 92 faizi icra olunub

Yanvardan TANAP-a sınaq məqsədilə təbii qazın vurulmasına başlanılıb

Azərbaycan təbii qazını Türkiyəyə və qardaş ölkədən də Avropaya nəql edəcək Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsi üzrə işlərin təxminən 92 faizi icra edilib. Türkiyə KİV-ləri xəbər verir ki, bu barədə “SOCAR Midstream Operations”ın direktoru Fuad Əhmədov deyib. O bildirib ki, Cənub Qaz Dəhlizinin “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəməri və TANAP seqmentlərində tikinti işləri bu il ərzində tamamlanacaq.

F.Əhmədov layihə çərçivəsində çıxarılacaq ilk təbii qazın yeni boru kəməri ilə bu il ərzində Türkiyəyə çatdırılacağını bildirib. Qeyd edib ki, layihənin dördüncü seqmenti olan TAP qaz boru kəmərinin inşası isə 2020-ci ildə tamamlanacaq və təbii qaz bu xətlə Avropaya göndəriləcək.

“Cənub Qaz Dəhlizi 2 qitə və 6 ölkədən keçir. Layihə bir-birindən fərqli qanun olduğu mühitdə icra olunur. Belə bir vəziyyətdə koordinasiyanın çətinliklərinə baxmayaraq Cənub Qaz Dəhlizinin bütün mərhələləri plana uyğun və maksimum sürətlə irəliləyir. 2017-ci ilin sonuna olan məlumata görə, “Şahdəniz-2” yatağında işlərin 99,2 faizi tamamlanıb. Cənubi Qafqaz Boru Kəmərində də işlər sürətlə davam edir. Yanvarın 23-dən TANAP-a sınaq məqsədilə təbii qazın vurulmasına başlanılıb. Yanvarın sonuna olan məlumata görə, TANAP layihəsi üzrə işlərin 91,9 faizi yekunlaşıb. TANAP hazırda illik 16 milyard kubmetr təbii qaz nəqletmə tutumuna malikdir. Nəqletmə gücünün sonralar ildə 31 milyard kubmetrə qədər artırılması planlaşdırılır. TANAP-ın davamı olan TAP-da isə işlərin 67,2 faizi görülüb. Bu boru kəmərinin illik nəqletmə tutumu ilkin mərhələdə 10 milyard kubmetr olacaq, daha sonra isə 20 milyard kubmetrə qədər genişləndiriləcək” – deyə o əlavə edib.

F.Əhmədov deyib ki, fevralın 15-də Bakıda keçiriləcək Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclasında region və Avropa üçün strateji əhəmiyyətə malik layihənin tamamlanması üçün tərəflərin öhdəlik və hədəfləri barədə müzakirələr aparılacaq.

Qeyd edək ki, 40 milyard ABŞ dolları sərmayə ilə həyata keçirilən, uzunluğu 3 min 500 kilometr və 4 seqmentdən ibarət olan “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılması prosesi artıq həlledici mərhələyə daxil olub. Cənub Qaz Dəhlizi Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya və İtaliyadan keçən boru kəmərləri ilə Avropaya çatdıracaq. “Cənub Qaz Dəhlizi” layihəsi Türkiyə və Avropanın enerji təhlükəsizliyi baxımından böyük əhəmiyyət daşıyır. Azərbaycan təbii qazının bu il Türkiyəyə, 2020-ci ilədək isə Avropaya nəql edilməsi planlaşdırılır. Bu nəhəng layihə ilə Azərbaycan dünyanın sayılan qaz ixracatçılarından biri olacaq. Cənub Qaz Dəhlizi Avropa İttifaqı üçün prioritet enerji layihələrindəndir.

2018-ci ildə Azərbaycanın Cənub Qaz Dəhlizinə təqribən 1,3 milyard ABŞ dolları həcmində vəsait ayırması proqnozlaşdırılır. Bundan “Şahdəniz” layihəsinə (mövcud “Şahdəniz-1” layihəsi daxil olmaqla) 232 milyon dollar, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi layihəsinə 144 milyon dollar, TANAP layihəsinə 728 milyon dollar və TAP layihəsinə isə 182 milyon dollar xərclənməsi nəzərdə tutulur.

Cənub Qaz Dəhlizi layihələrində “Cənub Qaz Dəhlizi” QSC-nin (CQD) mülkiyyətində olan iştirak paylarının maliyyələşdirilməsinə 2014-2020-ci illər üzrə tələb olunan 11,5 milyard ABŞ dolları həcmində vəsaitdən bu ilin əvvəlinədək 8,7 milyard dollarlıq hissəsi, yəni 76 faizi investisiya edilib. 2017-ci ildə isə Cənub Qaz Dəhlizi layihələrində CQD-nin mülkiyyətində olan iştirak paylarının maliyyələşdirilməsinə 2,3 milyard ABŞ dolları məbləğində investisiya qoyulub.

Bütün xəbərlər Facebook səhifəmizdə