BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair müzakirələr aparılıb

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BMT-nin İnkişaf Proqramının Avropa və MDB ölkələri üzrə Regional Bürosunun direktorunun müavini Rastislav Vrbenski ilə görüş olub. Görüşdə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMT İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İsakzai, onun müavini Alessandro Frakassetti, habelə Proqramın ayrı-ayrı nümayəndələri də iştirak edib.

SİA-nın məlumatına görə, görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov əmək resurslarının məşğulluq imkanlarının artırılmasının Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin əsas prioritetlərindən olduğunu vurğulayıb, ölkəmizin əmək bazarında mövcud inkişaf meyillərini diqqətə çatdırıb. Nazir BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin icrası, həmçinin 8-ci Məqsədə uyğun olaraq, inklüziv və dayanıqlı iqtisadi inkişafın təmin edilməsi şəraitində hər kəs üçün tam və məhsuldar məşğulluq imkanlarının yaradılması sahəsində respublikada aparılan işləri və əldə olunmuş nailiyyətləri qeyd edib.

Əmək və sosial müdafiə sahələrində aparılan islahatlardan bəhs edən nazir bu sahələrdə İKT-nin tətbiqi nəticəsində elektron infrastrukturun yaradıldığını, müasir idarəetmə və şəffaf xidmətlər sisteminin qurulduğunu diqqətə çatdırıb: “Milli sosial müdafiə sisteminin təkmilləşdirilməsi, xüsusən ölkəmizdə müasir sığorta-pensiya sisteminin qurulması yönündə aparılan islahatlarda BMT İnkişaf Proqramı ilə fəal əməkdaşlıq təcrübəmiz vardır. Hazırda bu əməkdaşlıq gənclərin əmək bazarına inteqrasiyasının dəstəklənməsi kimi vacib sahədə davam etdirilir. BMT İnkişaf Proqramı ilə birgə icra olunan “Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı” layihəsi gənclərin qabaqcıl beynəlxalq təcrübədən irəli gələn SYSLAB (Yenilik və Məşğulluq üzrə Sistem Laboratoriyası) metodologiyası əsasında müasir üsullar, innovativ metodlar əsasında iş axtarışı bacarıqlarına yiyələnmələrində önəmli rol oynayır. Bu məqsədlə son illərdə Bakı, Sumqayıt, Gəncə şəhərlərində, Masallı rayonlarında SYSLAB Təlim-Tədris Mərkəzləri yaradılıb. Həmin mərkəzlərdə təlimlərə cəlb olunmuş gənclərdən 85 faizi təlimlər zamanı müasir və səmərəli metodlar əsasında iş axtarışı üzrə yiyələndikləri bacarıqlar müqabilində qısa müddətdə ayrı-ayrı müəssisələrdə münasib işlərlə təmin olunublar”.

S.Müslümov ölkəmizdə aktiv əmək bazarı proqramları, aztəminatlı ailələrin kiçik ailə təsərrüfatlarının yaradılması üçün icra olunan özünüməşğullluq proqramı və onun perspektivləri barədə də məlumat verib: “Əlilliyi olan şəxslərin də bu proqramda iştirakına şərait yaradılıb. Proqram çərçivəsində ötən il kiçik ailə təsərrüfatları yaradılan şəxslərin 64 nəfəri məhz bu kateqoriyadan olan insanlardır. Cari ildə özünüməşğullluq proqramının əhatə etdiyi şəxslərin sayı dəfələrlə genişlənəcək və digər müvafiq şəxslərlə yanaşı, əlilliyi olan şəxslərin də həmin proqrama cəlb olunması işləri davam etdiriləcək”.

Nazir bildirib ki, ötən ilin dekabr ayında BMT-nin İnkişaf Proqramı, Beynəlxalq Əmək Təşkilatı və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında imzalanan Niyyət Məktubu bu üç qurum arasında əməkdaşlığın aktiv əmək bazarı proqramlarının,

o cümlədən özünüməşğulluq proqramının icrası və genişləndirilməsi, milli məşğulluq strategiyasının həyata keçirilməsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin potensialının artırılması da daxil olmaqla qarşılıqlı maraq doğuran sahələrdə gələcək əməkdaşlıq niyyətini ifadə edir”.

R.Vrbenski BMT-nin 2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi sahəsində ölkəmizdə aparılan işlərin təqdirəlayiq olduğunu bildirib. O, Azərbaycanda aktiv məşğulluq tədbirlərinin genişləndirilməsi, o cümlədən özünüməşğulluq proqramının icrası sahəsində əldə olunmuş müsbət təcrübənin məmnunluq doğurduğunu vurğulayıb. R.Vrbenski əmək bazarının inkişafına və layiqli əməyin təminatına yönələn kompleks tədbirlərin əməkdaşlığın yeni istiqamətlər üzrə davam etdirilməsi üçün imkanlar açdığını qeyd edib.

Q.İsakzai BMT-nin İnkişaf Proqramının ölkəmizdə əmək və sosial müdafiə sahələrinin inkişafı ilə bağlı aparılan islahatlara, habelə məşğulluq imkanlarının artırılması yönündə görülən işlərə qarşıdakı dövrdə də dəstək vermək məramında olduqlarını bildirib.

Görüş BMT-nin İnkişaf Proqramı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında aktiv əmək bazarı proqramları sahəsində gələcək əməkdaşlığa dair müzakirələrlə davam edib.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə