Kiyevdə “20 Yanvar faciəsi: səbəblər, nəticə, tarixi dərs” mövzusunda dəyirmi masa keçirilib

Ukraynanın paytaxtı Kiyev şəhərində “Qanlı 20 Yanvar faciəsi: səbəblər, nəticə, tarixi dərs” mövzusunda dəyirmi masa keçirilib.

Azərbaycanın Ukraynadakı səfirliyinin, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin birgə təşkilatçılığı ilə Ukrayna Milli İnformasiya Agentliyinin (Ukrinform) mətbuat mərkəzində təşkil olunmuş dəyirmi masa “Ukrinform-internet” televiziya kanalı tərəfindən canlı yayımlanıb.

Tədbirdə çıxış edən Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə totalitar sovet rejiminin Azərbaycan xalqına qarşı həyata keçirdiyi tarixi cinayət haqqında ətraflı məlumat verib. O qeyd edib ki, 20 Yanvar hadisəsi Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub.

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev sinələrini dövlət müstəqilliyimizə tuşlanmış gülləyə sipər etmiş qəhrəman oğul və qızlarımızın gələcək nəsillərə örnək olduğunu, onların əziz xatirələrinin daim əziz tutulacağını vurğulayıb. O bildirib ki, 20 Yanvar faciəsi xalqımızın milli əzmkarlıq səlnaməsidir.

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin parlament sədri Akif Gülməmmədov, Ukrayna Azərbaycanlıları Gənclər Birliyinin sədri İlhamə Allahverdiyeva və digər şəxslər çıxış edərək tarix boyu Azərbaycan və Ukrayna xalqlarının müstəqillik uğrunda apardıqları mübarizə tarixindən bəhs ediblər. Aradan 28 il ötməsinə baxmayaraq, 20 yanvar faciəsində birbaşa əli olan Qorbaçov və o zamankı sovet rəhbərliyinin cinayət məsuliyyətinə cəlb olunmamasını tarixi ədalətsizlik kimi dəyərləndiriblər.

Sonra tədbirə qatılanlar 20 yanvar faciəsini özündə əks etdirən sənədli filmə baxıblar.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə