233 texnika və avadanlıq lizinq yolu ilə icarəyə verilib Naxçıvanda

Ötən il “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə muxtar respublikaya 273 ədəd müxtəlif adda texnika və avadanlıqlar gətirilib. Bu günədək, ümumilikdə, 233 ədəd texnika və avadanlıq lizinq yolu ilə icarəyə verilib, 8 ədədi isə nağd yolla satılıb. Bundan əlavə, məhsul istehsalçılarına 5 min 338 ton mineral gübrə verilib.

Bu faktları Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində keçirilən kollegiya iclasında nazir Elşad Əliyev səsləndirib. Bildirilib ki, ötən il muxtar respublikada 31 min 632 hektar taxıl əkini sahəsindən 93 min 419 ton məhsul yığılıb. Həmçinin əkin sahələrindən 84 min 722 tondan çox tərəvəz, meyvə bağlarından isə 53 min 69 tondan çox məhsul götürülüb.

“2017-ci ildə meliorasiya, irriqasiya tədbirlərinin gücləndirilməsi, lizinq xidmətinin genişləndirilməsi, taxıl və soyuducu anbarların tutumunun artırılması, istixana komplekslərinin, quşçuluq və balıqçılıq təsərrüfatlarının, meyvə-tərəvəz emalı müəssisələrinin işə salınması kənd təsərrüfatının sürətli inkişafına əlverişli şərait yaradıb” – deyən nazir qeyd edib ki, həmin dövrdə kartof əkininin mütəşəkkil keçirilməsi məqsədilə muxtar respublikaya keyfiyyətli toxumluq kartof gətirilib. Görülmüş tədbirlər nəticəsində 3 min 183 hektar kartof sahəsindən 48 min 982 ton məhsul tədarük olunub. Bununla yanaşı, qarğıdalı əkininə də maraq xeyli artıb. Nəticədə 1667 hektar sahədən 12 min 573 ton məhsul yığılıb ki, bu da 2016-cı illə müqayisədə 20 faiz çoxdur.

Tütünçülüyün inkişafı məqsədilə Kəngərli rayonu ərazisində Tütünyetişdirmə Mərkəzi yaradılıb, uzunmüddətli fasilədən sonra ilk dəfə olaraq 9 hektar sahədə tütün əkini aparılaraq 11 tondan çox quru tütün istehsal olunub. Bu barədə məlumat verən nazir cari ildə tütünçülüyün inkişafı istiqamətdə işlərin daha da genişləndiriləcəyini vurğulayıb.

Nazir hesabat dövründə arıçılıqla məşğul olanlara 50 min manat həcmində kreditlər verildiyini, 3 arıçılıq təsərrüfatı və mum vərəqi istehsalı sahəsi yaradıldığını, ötən il balıqçılıq təsərrüfatlarının sayının 15-ə çatdırıldığını, bunun əhalinin balıq ətinə olan tələbatının ödənilməsində mühüm rol oynadığını diqqətə çatdırıb.

Sonra məruzə ətrafında çıxışlar olub.

Bütün xəbərlər Facebook səhifəmizdə