SOCAR 2017-ci ildə Dövlət Sosial Müdafiə Fonduna 155 milyon 984 min manat vəsait ödəyib. Bu barədə SOCAR məlumat yayıb. Bildirilir ki, həmin göstərici 2016-cı illə müqayisədə 8 faiz artıb.

Şirkət ötən il dövlət büdcəsinə 1 milyard 511 milyon 33 min manat vəsait ödəyib. SOCAR-ın büdcə ödənişləri də əvvəlki ilə nisbətən 115 milyon 577 min manat, yəni 8,3 faiz artıb.

SOCAR-ın dövlət büdcəsinə ödənişlərinin artırılması şirkətin sabit maliyyə durumunun göstəricilərindəndir. Şirkətin iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov deyib: “SOCAR Prezident İlham Əliyevin müəyyən etdiyi strateji istiqamət üzrə irəliləyərək, son illərdə əməliyyat portfelini genişləndirməyə və şaxələndirməyə davam edib. Həyata keçirdiyimiz beynəlxalq layihələr, illər əvvəl ölkə daxilində və xaricdə qoyduğumuz sərmayələr şirkətin hazırkı maliyyə nəticələrinə müsbət təsir göstərib, dövlət büdcəsinə ödənişlərin davamlı və artan xətt üzrə təmin olunması üçün əlverişli zəmin yaradıb”.

“Bir neçə il əvvəl müəyyən edilmiş strateji inkişaf strategiyasının əsasında SOCAR neft-kimya və neft-qaz emalı sənayesində fəaliyyətlərini genişləndirərək, öz gəlir mənbələrinin balanslaşdırılması istiqamətində mühüm addımlar atıb. Son illərdə xam neftin qiymətinin kəskin düşməsi fonunda, neft-kimya məhsullarının daha az dəyişkənliyə məruz qalması şirkətin gəlirlərinə müsbət təsir göstərib. Nəticədə SOCAR, dünya enerji sənayesində baş vermiş böhranın təsirlərinə tab gətirərək, 2016 və 2017-ci illəri mənfəətlə başa vurmağa nail olub”, - deyə şirkətin məlumatında bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə