Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində 2017-ci ilin yekunlarına və 2018-cı il qarşıda duran vəzifələrin icrasına həsr olunan iclas keçirilib. İclas iştirakçıları ilk öncə Ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, onun xatirəsini ehtiramla yad ediblər.

Daha sonra cəmiyyətin akt zalında keçirilən iclası giriş nitqi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov açıb.

İdarə Heyətinin sədri Saleh Məmmədov 2017-ci il ərzində möhtərəm Prezidentimiz Zati-aliləri cənab İlham Əliyevin birbaşa dəstəyi və qayğısı nəticəsində respublikanın avtomobil yollarının inkişafı istiqamətində çox mühüm layihələrin həyata keçirildiyini və hazırda da bu işlərin uğurla davam etdirildiyini bildirib.

Saleh Məmmədov xüsusi olaraq Prezident İlham Əliyev tərəfindən 2017-ci il 18 oktyabr tarixində imzalanmış 1638 nömrəli Fərmana əsasən, “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin yenidən təşkil edilərək Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yaradılmasına diqqət yetirib. O, Azərbaycanın yol təsərrüfatı işçilərinin əməyinə verdiyi bu yüksək qiymətə və etimada görə cənab Prezidentə dövlət agentliyinin kollektivi adından dərin minnətdarlığını bildirib və yeni yaradılan Agentliyə verilən bütün tapşırıqların vaxtında və yüksək keyfiyyətlə yerinə yetirəcəklərinə dair söz verib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov 2017-ci il ərzində Agentlik tərəfindən nəzərdə tutulan bütün respublika əhəmiyyətli, kəndə və qəsəbələrarası avtomobil yolu layihələri üzrə tikinti və yenidənqurma işlərinin uğurla icra olunduğunu qeyd edərək, ümumilikdə uzunluğu 1335 km təşkil edən yolların yenidən qurulduğunu və təmir olunduğunu iclas iştirakçılarının diqqətinə çatdırıb.

Saleh Məmmədov prezident İlham Əliyevin regionlarda nəzərdə tutulan bütün infrastruktur layihələrin icra edilməsinin, insanların həyat şəraitinin yaxşılaşmasına birbaşa təsir edən turizmin və kənd təsərrüfatının inkişafına gətirib çıxaracaq kənd və qəsəbələrarası avtomobil yollarının tikintisinin vacibliyi barədə səsləndirdiyi tövsiyyə və tapşırıqlarına əsasən 2018-ci ildə də bu istiqamətdə genişmiqyaslı işlərin aparılacağını, uzunluğu 2 min km-dən artıq kəndlərarası və qəsəbələrarası avtomobil yolu layihəsinin, habelə digər respublika əhəmiyyətli və magistral avtomobil yollarının layihələrinin icrasının həyata keçiriləcəyini bildirib.

İclas zamanı digər çıxış edənlər də, zəngin potensiala malik olan Azərbaycanda yol infrastrukturunun inkişafının ölkənin əsas prioritetlərindən birinə çevrildiyini vurğulayıblar. Qeyd olunub ki, Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi sosial-iqtisadi siyasətin mühüm istiqamətlərindən biri də məhz yol infrastrukturun inkişaf etdirilməsi olub. Azərbaycan Prezidenti İlham Əliyevin də uğurlu daxili siyasəti sayəsində qazanılan müvəffəqiyyətlərin sırasında bu sahənin inkişafı önəmli yer tutur.

İclas zamanı bir daha vurğulanıb ki, “Azərbaycanda ən müasir yol infrastrukturu yaradılacaq” deyən ölkə başçısı İlham Əliyevin diqqətinin nümunəsi olaraq növbəti aylar və illərdə də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sözügedən prosesin reallaşdırılması uğurla davam etdiriləcək.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə