"Qeyri-neft sektorunun inkişafı ötən ilin əsas göstəricilərindən biridir" MÖVQE

"Ötən il ərzində ölkəmiz bütün sahələrdə xüsusilə də sosial-iqtisadi sahədə böyük nəticələr əldə edib. Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasında da bu məsələlər geniş şəkildə təqdim olunmaqla yanaşı, qarşıda duran vəzifələr müəyyənləşdirildi". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Mahir Abbaszadə deyib.

2017-ci ilin Azərbaycan üçün uğurlu olduğunu dilə gətirən deputat söyləyib ki, bu göstəricilərdən biri qeyri-neft sektorunun davamlı inkişafıdır.

Onun sözlərinə görə, ötən dövr ərzində Azərbaycanda qeyri-neft sektoru 2,5 faiz artıb: "Belə ki, sənaye sahəsində qeyri-neft sektoru 3,6 faiz, kənd təsərrüfatında isə 4,1 faiz artım qeydə alınıb. Ölkəmizin valyuta ehtiyatlarının artması mühüm amillərdən biridir. Belə ki, ötən ildə Azərbaycanın valyuta ehtiyatı 4,5 milyard dollar artıb ki, bu da valyuta ehtiyatlarımızın təxminən 42 milyard dollar təşkil etdiyini göstərir".

M.Abbaszadə qeyd edib ki, ölkə iqtisadiyyatının inkişafı ilə bağlı digər göstəricilərdən biri sərmayə qoyuluşudur ki, 2017-ci ildə iqtisadiyyatımıza 14,6 milyard dollar həcmində sərmayə qoyulub: "Hər zaman olduğu kimi ötən il də məcburi köçkünlərin problemlərinin həlli diqqət mərkəzində olub. Hesabat dövründə 2 mindən çox ailə yeni evlərə köçürülüb ki, bu da 12 mindən çox məcburi köçkünün yeni mənzillə təmin edilməsi deməkdir. Lakin bu o demək deyil ki, Azərbaycan işğalla barışmaq niyyətindədir. Ölkə başçısının da söylədiyi kimi, Azərbaycan xalqı heç vaxt bu vəziyyətlə barışmayacaq. Hər kəs əmindir ki, dövlət başçısının qətiyyətli siyasəti nəticəsində torpaqlarımız işğaldan azad ediləcək və bu insanlar doğma torpaqlarına qayıdacaqlar".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə