"Bu, tariximizə, tarixi şəxsiyyətlərimizə hörmətin ifadəsidir AÇIQLAMA

Ölkə prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi çox müsbət və təqdir olunmalı bir hadisədir. Bunu SİA-ya açıqlamasında millət vəkili Eldar İbrahimov deyib.

Onun sözlərinə görə, bu, həm də dövlət başçısı tərəfindən atılan çox uğurlu və yerinə düşən bir addımdır: “Bu qərar bütün Azərbaycan xalqının ürəyindən xəbər verir və hamı tərəfindən də çox yüksək qiymətləndirilir", - deyən komitə sədri bildirib ki, ötən əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılması təkcə Azərbaycan xalqının deyil, müsəlman dünyasının tarixində çox mühüm və tarixi hadisə idi.

Millət vəkili bildirib ki, müsəlman-şərq aləmində ilk demokratik respublikanın Azərbaycanda yaradılması bizim xalqın dünya xalqları içərisində nə qədər inkişaf etmiş və öz qiymətini bilən xalq olduğunun ifadəsidir.

“Ancaq çox təəssüflər olsun ki, AXC cəmi 23 ay ömür sürdü, aprel işğalı ilə ilk müstəqil cümhuriyyətimizin varlığına son qoyuldu, bununla belə, onun qoyduğu ənənələr əsrin sonunda –90-cı illərdə Azərbaycan əziyyətlər hesabına ikinci dəfə müstəqillik əldə etdikdən sonra ümummilli lider Heydər Əliyev tərəfindən tam həyata keçirildi. Odur ki, müasir Azərbaycanın özünü Xalq Cümhuriyyətinin varisi elan etməsi də tarixə, tarixi şəxsiyyətlərə hörmətin ifadəsidir.

Bu göstərir ki, Azərbaycan xalqının dövlətçilik ənənəsinin olması və bu ənənənin yaşadılması, tarixi şəxsiyyətlərə hörmət edilməsi də bu ifadədə öz əksini tapır. Bir sözlə, bu addımına görə ölkə prezidentinə minnətdarlığımızı bildirir, müstəqilliyimizin əbədi və dönməz olmasını arzu edirik”, - deyə E. İbrahimov sözlərinə əlavə edib.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə