Sədaqət Vəliyeva: "2018-ci ildə mühüm sosial-iqtisadi və siyasi hadisələrin şahidi olacağıq" AÇIQLAMA

“2017-ci ildə Azərbaycan sürətli və sabit inkişaf dövrünü yaşadı. Bugünkü dünyada mövcud olan mürəkkəb geosiyasi vəziyyəti, baş verən müharibələri, kataklizmləri nəzərə alaraq Azərbaycanda əldə edilmiş nəticələri yüksək qiymətləndirmək lazımdır”. Bu sözləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, ötən il Azərbaycan iqtisadiyyatı Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına əsasən rəqabətqabiliyyətliliyinə görə 2017-ci ildə iki pillə irəliləyərək, dünya miqyasında 35-ci yerdə qərarlaşıb. Həmçinin, ölkəmizin qeyri-neft sektoru 2,5 faiz, sənaye sahəsində qeyri-neft sektoru 3,6 faiz, kənd təsərrüfatı isə 4,1 faiz artıb. 2017-ci ildə valyuta ehtiyatlarımız 4,5 milyard dollar artıb ki, bununla da 42 milyard dollara çatıb. Eyni zamanda, ölkə iqtisadiyyatına 15 milyard dollar sərmayə qoyulub, ümumi ixracımız 19 faiz, qeyri-neft ixracı 24 faiz artıb, ticarət balansının müsbət saldosu isə 6,2 milyard dollar təşkil edib. Bütün bunlarla yanaşı, 2017-ci ildə 221 min yeni iş yeri açılıb ki, onların 177 mini daimi iş yeridir. Eləcə də, 2017-ci ildə “Azəri-Çıraq-Günəşli” yatağı üzrə kontraktın müddəti 2050-ci ilə qədər uzadılıb, Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verilir, həmçinin, 2300 məcburi köçkün ailəsi yeni evlərə, mənzillərə köçürülüb, Şıxarx qəsəbəsində 1170 ailə üçün yeni şəhərcik salınıb. Sadalanan göstəricilər bir daha onu göstərir ki, ötən ildə də Azərbaycan dinamik inkişafını təmin edib, cənab Prezident İlham Əliyevin rəhbərliyilə reallaşdırılan islahatlar nəticələrini verməkdədir”.

“2018-ci ildə mühüm sosial-iqtisadi və siyasi hadisələrin şahidi olacağıq” – deyən Sədaqət Vəliyeva əlavə edib ki, bu il ən azı 20 min köçkün yeni evlərə, mənzillərə köçürülək, modul tipli 137 məktəb tikiləcək, Bakı şəhərində isə 12 məktəb əsaslı təmir ediləcək. 2018-ci ildə on yeni xalça fabrikinin açılışı nəzərdə tutulur. Həmçinin, 2018-ci ildə yeni kənd təsərrüfatı texnikasının alınması üçün 160 milyon manat vəsait nəzərdə tutulub. Eyni zamanda, bu il Mingəçevir, İmişli və Şəkidə üç “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayacaq. 2018-ci ildə baş verəcək önəmli hadisələrdən biri də TANAP layihəsinin istifadəyə verilməsi, nəqliyyat sahəsində isə Ələt Dəniz Ticarət Limanının birinci mərhələsinin başa çatması ilə bağlıdır. Bütün bunlarla yanaşı, Qusar və Qəbələyə dəmir yolu xətlərinin, iki min kilometrdən çox avtomobil yolunun çəkilməsinin, bölgələrdə qazlaşdırma işlərinin aparılması üçün Dövlət Neft Şirkətinə dövlət büdcəsindən təxminən 100 milyon manat vəsaitin ayrılmasının nəzərdə tutulması sübut edir ki, 2018-ci il də ölkəmiz üçün çox uğurlu il olacaq”.

Sədaqət Vəliyeva diqqətə çatdırıb ki, Azərbaycanda əldə olunan bütün uğurların, nailiyyətlərin əsasında isə sabitlik, sabitliyin mənbəyi olan Azərbaycan xalqı, onun iradəsi və cənab Prezident İlham Əliyevin rəhbərliyilə həyata keçirilən siyasət durur.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə