Bakıda “Beynəlxalq Miqrant Günü” keçirildi TƏDBİR

18 dekabr 2017-ci il tarixində Bakıda Birləşmiş Millətlər Təşkilatının Miqrasiya Agentliyi olan Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı Nümayəndəliyi Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikasının Ombudsman aparatı və Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi ilə birgə “Beynəlxalq Miqrant Günü”nə həsr olunmuş tədbir keçirilib.

Tədbir zamanı həmçinin “Azərbaycandan Miqrantların Könüllü Qayıdışına Yardım” üzrə pilot layihənin təqdimatı da keçirilib. Sözügedən pilot layihənin əsas məqsədi Azərbaycanda müxtəlif səbəblərdən qala bilməyən və ya qalmaq arzusunda olmayan sığınacaqla təmin olunmaq müraciətinə rədd cavabı almış şəxslərin, eyni zamanda həssas vəziyyətdə olan miqrantların könüllü olaraq humanist və nizamlı şəkildə mənşə ölkələrinə qayıda bilmələri üçün mümkün yardımların göstərilməsidir.

Qeyd etmək lazımdır ki, tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili xanım Elmira Süleymanova, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəis müavini cənab Pərviz Musayev, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Kestutis Yankauskas, Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirinin müavini cənab Nazim Səmədov və Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri cənab Serhan Aktoprak çıxış ediblər.

Tədbirdə müxtəlif nazirlik və dövlət qurumları, Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin və beynəlxalq təşkilatların diplomatik nümayəndəlikləri, universitet, QHT-lər, həmçinin Birləşmiş Millətlər Təşkilatı agentliklərinin yüksək vəzifəli nümayəndələri iştirak edib.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə