Paytaxtın marşrut şəbəkəsinin, o cümlədən, avtobus bazasının yenilənməsi istiqamətində görülən işlər çərçivəsində yeni nəqliyyat vasitələri gətirilib. “Çinar Trans” MMC-nin gətirdiyi 20 ədəd avtobus sərnişindaşıma ilə bağlı Bakı Nəqliyyat Agentliyinin müvafiq hüquqi normativ aktlara əsasən müəyyənləşdirdiyi tələblərə uyğundur.

Bakı Nəqliyyat Agentliyindən SİA-ya verilən məlumata görə, avro 5 standartlarına da cavab verən avtobuslar sərnişinlərə göstərilən xidmətin keyfiyyətinin artırılmasına imkan verir. Yeni avtobuslardan fiziki imkanları məhdud şəxslərin eləcə də uşaq arabası ilə olan sərnişinlər də rahat istifadə edə biləcək. Bunun üçün avtobuslarda xüsusi mexanizm quraşdırılıb.

Qeyd edək ki, 2017-ci ildə “Çinar Trans” MMC tərəfindən paytaxta ümumilikdə 65 ədəd yeni avtobus gətirilib. Növbəti il üçün isə 85 ədəd avtobusun alınaraq gətirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, Bakı Nəqliyyat Agentliyinin müntəzəm sərnişindaşıma ilə məşğul olan daşıyıcılar qarşısında qoyduğu tələbə əsasən gələn ilin birinci yarsında paytaxta daha 350 nəqliyyat vasitəsi gətiriləcək. Gətirilən avtobusların 20 ədədi 18 metrlik olacaq. Yeni avtobuslar əsasən şəhərin mərkəzi hissəsində istismar ediləcək. Yeni avtobusların nağdsız ödəniş sisteminə keçirilməsinə gəlincə bildirildi ki, bu gələn ilin birinci yarsınadək mümkün olacaq. Ümumilikdə isə həmin müddətə qədər 700 avtobusda bu sistemin tətbiqini nəzərdə tutulub.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə