Azərbaycan və Böyük Britaniya şirkətləri arasında 2 memorandum imzalanıb

Azərbaycan və Böyük Britaniya şirkətləri arasında 2 memorandum imzalanıb. İmzalanma dekabrın 14-də Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 2-ci iclası çərçivəsində həyata keçirilib.

Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayevin və Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə naziri, hökumətlərarası komissiyanın həmsədri Baronessa Rona Feyrhedin həmsədrliyi ilə keçirilmiş iclasda hər iki ölkənin komissiyada təmsil olunan müvafiq qurumlarının rəsmiləri iştirak ediblər.

Komissiyanın iclasında iqtisadiyyat, ticarət, investisiya, sənaye, enerji, kənd təsərrüfatı, rabitə və yüksək texnologiyalar, təhsil, mədəniyyət və turizm, gənclər və idman, ekologiya sahələrində mövcud əməkdaşlıq və əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə edilib.

Hökumətlərarası Komissiyanın həmsədri, iqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan və Böyük Britaniya arasında iqtisadi əlaqələr barədə məlumat verərək, ölkəmizin Britaniya ilə əlaqələrin inkişafına önəm verdiyini, ölkələrimiz arasında əməkdaşlığın iqtisadiyyatın müxtəlif sahələrində uğurla davam etdiyini vurğulayıb. Hazırda Azərbaycanda 500-dən çox Britaniya sərmayəli şirkətin fəaliyyət göstərdiyi, ölkəmizdə həyata keçirilən layihələrdə bu şirkətlərin podratçı qismində iştirak etdiyi bildirilib. Böyük Britaniya Azərbaycan iqtisadiyyatına ən çox investisiya yatıran ölkədir. Belə ki, Azərbaycan iqtisadiyyatına Böyük Britaniya tərəfindən 27 milyard ABŞ dollarından çox investisiya yatırılıb. İndiyədək Azərbaycan və Böyük Britaniya arasında 10-a yaxın biznes-forum və investisiya sammiti təşkil edilib.

Nazir Şahin Mustafayev enerji, neft-qaz, kənd təsərrüfatı, nəqliyyat, İKT, turizm, təhsil, maliyyə, səhiyyə, mədəniyyət sahələrində ötən müddət ərzində görülən işlərlə yanaşı, əməkdaşlıq perspektivlərini də diqqətə çatdırıb. Qeyd olunub ki, Azərbaycan neft sektoru ilə yanaşı, qeyri-neft sahəsində də əlaqələrin genişləndirilməsində maraqlıdır. Britaniya şirkətləri Sumqayıt Kimya Sənaye Parkına və digər parklara investisiya qoya, birgə müasir ət və süd emalı müəssisələri və heyvandarlıq təsərrüfatları yaradıla, qida sənayesi məhsulları istehsal edilə, birgə investisiya forumu keçirilə bilər. Azərbaycanda Britaniya istehsalı olan 29 adda dərman dövlət qeydiyyatından keçib və ölkəmizdə dərman preparatlarının, tibbi avadanlığın birgə istehsalı sahəsində Böyük Britaniya ilə əməkdaşlıq perspektivləri genişdir.

Azərbaycanın ixrac potensialı olan məhsullarının Böyük Britaniyaya ixracı üçün geniş imkanlar var. İşgüzar dairələr arasında əməkdaşlığın genişləndirilməsi üçün Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Böyük Britaniyanın Beynəlxalq Ticarət Departamenti arasında əməkdaşlıq gücləndirilə bilər.

Ölkələrimiz arasında neft-qaz sahəsində əməkdaşlıq genişdir. Böyük Britaniyanın BP şirkəti neft-qaz sektorunda 7 layihədə, eləcə də Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi kimi layihələrdə iştirak edir. Bu sahədə əməkdaşlıq təkliflərinə gəlincə, nazir Şahin Mustafayev qeyd edib ki, neft-qaz sahəsində avadanlıqlar birgə istehsal oluna, alternativ enerji sahəsində əməkdaşlıq genişləndirilə, bu sahədə Britaniyanın təcrübə və texnologiyasından istifadə oluna bilər.

Ötən müddət ərzində hər iki ölkənin dövlət baytarlıq orqanları arasında informasiya mübadiləsinin, kənd təsərrüfatı məhsullarının ticarətinin aparıldığını qeyd edən nazir Şahin Mustafayev Britaniyanın aparıcı şirkətlərinin Azərbaycanda müasir ət və süd emalı müəssisələri və heyvandarlıq təsərrüfatları yarada biləcəyini, fitosanitar sertifikatlarının mübadiləsinin araşdırılmasını diqqətə çatdırıb. Britaniya Azərbaycanın nəqliyyat infrastrukturundan və tranzit imkanlarından istifadə edə bilər.

Maliyyə bazarları, İKT sahəsində əlaqələrin genişləndirilməsi, Birləşmiş Krallığa şamil edilən "ASAN Viza" sistemi barədə Britaniya vətəndaşlarının və turizm şirkətlərinin məlumatlandırılması, ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq ölkələrimiz arasında əlaqələrin inkişafı baxımından əhəmiyyətli olacaq istiqamətlərdəndir.

Humanitar sahədə əməkdaşlığa gəlincə, nazir Şahin Mustafayev deyib ki, Azərbaycan və Böyük Britaniya ali təhsil müəssisələri arasında əməkdaşlıq və tələbə mübadiləsi həyata keçirilir. Hazırda 270 azərbaycanlı tələbə Böyük Britaniyada, britaniyalı gənclər isə Azərbaycanın ali təhsil müəssisələrində təhsil alırlar.

Nazir Şahin Mustafayev ölkəmizdə və Böyük Britaniyada keçirilmiş bir sıra turizm və mədəniyyət tədbirlərində ölkələrimizin qarşılıqlı şəkildə iştirak etdiklərini, müvafiq sahələrdə ali təhsil müəssisələri və təşkilatlar, muzeylər arasında əməkdaşlıq imkanlarını vurğulayıb.

Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə naziri, hökumətlərarası komissiyanın həmsədri Baronessa Rona Feyrhed Azərbaycana ilk dəfə səfər etdiyi və səfərindən məmnunluğunu bildirib, ölkəmizin qısa müddət ərzində böyük inkişaf yolu keçdiyini vurğulayıb. Nazir Azərbaycan ilə Böyük Britaniya şirkətləri, xüsusilə də BP arasında əməkdaşlığı yüksək qiymətləndirib. Bildirib ki, BP-də çalışanların 89 faizi Azərbaycan vətəndaşlarıdır. İqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq imkanlarını qeyd edən Baronessa Rona Feyrhed Böyük Britaniyanın Azərbaycanla iqtisadi-ticarət əlaqələrinin inkişafında maraqlı olduğunu və bunun üçün öz töhfələrini verməyə hazır olduqlarını vurğulayıb.

İclasın sonunda Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 2-ci iclasının yekunlarına dair protokol imzalanıb. Sənədi Komissiyanın həmsədrləri - Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev və Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə naziri Baronessa Rona Feyrhed imzalayıb. İclas çərçivəsində müzakirə olunmuş məsələlərin və komissiyanın gələcək fəaliyyət istiqamətlərinin öz əksini tapdığı protokolda iqtisadiyyat, ticarət, investisiya, sənaye, turizm, enerji, təhsil, mədəniyyət və s. sahələrdə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.

Hökumətlərarası Komissiya çərçivəsində, həmçinin Azərbaycan və Böyük Britaniya şirkətləri arasında 2 memorandum imzalanıb. Bu sənədlərin imzalanması nəticəsində Bakıda hasilat sahəsində istifadə olunan nasosların ölkə daxilində və vahid mərkəzdən təmiri və texniki baxışı təmin olunacaq, nəticədə xərclərə və vaxta qənaət olunacaq.

Komissiya çərçivəsində AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın biznes və investisiya imkanlarına dair təqdimatla çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə