Dekabrın 14-də İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun və İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə kiçik və orta sahibkarların gömrük və maliyyə sahələrində bilik və bacarıqlarının artırılmasına dair tədbir keçirilib.

SİA-nın məlumatına görə, “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”nin “KOS subyektlərinin maliyyə savadlılığının artırılması”, “KOS subyektlərinin beynəlxalq ticarət əməliyyatlarının müvafiq maliyyə xidmətləri ilə təmin edilməsi” və “KOS subyektləri üçün “ömür boyu öyrənmək” imkanlarının təmin edilməsi” yarımbəndlərində müəyyən edilmiş tədbirlərin icrasını təmin etmək məqsədi ilə keçirilən tədbirin məqsədi KOS-ların gömrük və maliyyə sahələrində bilik və bacarıqlarının artırılması, bu sahələr üzrə yeni məlumatların verilməsidir.

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın inkişafi siyasəti şöbəsinin müdiri Elçin İbrahimov sahibkarlıq sahəsində həyata keçirilən islahatlar, həmçinin “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə müəyyən edilmiş tədbirlərin İqtisadiyyat Nazirliyi üzrə icrası barədə məlumat verib.

Bakı Biznes Tədris Mərkəzinin direktoru Akif Fərruxov KOS subyektləri üçün “ömür boyu öyrənmək” imkanlarının təmin edilməsi istiqamətində görülmüş işlərdən, həyata keçirilən tədbirlərdın danışıb.

Dövlət Gömrük Komitəsinin Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsi rəisinin birinci müavini Anar Süleymanov və Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisinin müavini Səməd Qaralov strateji yol xəritələrində müəyyən edilmiş tədbirlərin Dövlət Gömrük Komitəsi üzrə icrası barədə məlumat veriblər.

Tədbir çərçivəsində 2 təlim keçirilib.

“Kiçik və orta sahibkarların gömrük sahəsində bilik və bacarıqlarının artırılması” mövzusunda keçirilən təlimdə iştirakçılar gömrük-biznes əməkdaşlığında innovasiya layihələrinin idarə edilməsi, gömrük bəyannamələrinin doldurulması və tipik səhvlər üzrə məlumatlar, gömrük prosedurları və əməliyyatları, gömrük dəyərinin müəyyən edilməsi və s. barədə ətraflı məlumatlandırılıblar.

“Kiçik və orta sahibkarların maliyyə sahəsində bilik və bacarıqlarının artırılması” mövzusunda keçirilən təlimdə isə sahibkarlığın maliyyə-kredit təminatının optimallaşdırılması istiqamətləri, biznes planın hazırlanmasında maliyyə planlaşdırılması və investisiya tələbinin əsaslandırılması, maliyyə risklərinin minimumlaşdırılması yolları və s. barədə geniş məlumat təlim iştirakçılarının diqqətinə çatdırılıb.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə