“Statoil” şirkətinin meneceri Energetika Nazirliyində olub

Energetika naziri Pərviz Şahbazov “Statoil” şirkətinin Azərbaycan üzrə meneceri Favad Qureyşini qəbul edib. Energetika Nazirliyindən SİA-ya verilən məlumata görə, Favad Qureyşi Azərbaycanın energetika naziri vəzifəsinə təyin edilməsi münasibətilə Pərviz Şahbazova təbriklərini çatdırıb. Azərbaycanda 25 illik fəaliyyəti ərzində “Statoil” şirkəti ilə Energetika Nazirliyi arasında yüksək əməkdaşlıq əlaqələrinin bundan sonra da möhkəmlənəcəyinə əminliyini ifadə edib.

Favad Qureyşi Azərbaycanın təmsil etdiyi şirkət üçün çox mühüm ölkələrdən biri olduğunu vurğulayıb. “Statoil”-un Azəri-Çıraq-Günəşli (AÇG) yatağının işlənməsində iştirakı, Bakı-Tbilisi-Ceyhan boru kəməri şirkətinin tərəfdaşlarından biri kimi fəaliyyəti və “Qarabağ”, “Əşrəfi”, “Dan Ulduzu” kimi yataqların kəşfiyyatı ilə bağlı işlərə cəlbini uğurlu əməkdaşlığın töhfələri kimi qiymətləndirib. Şirkət rəsmisi Azərbaycanla əməkdaşlıqdan məmnunluğunu ifadə edib. Şirkətin bu tərəfdaşlığın gələcəkdə də davam etdirilməsi və genişləndirilməsi niyyətində olduğunu bildirib.

Energetika naziri Pərviz Şahbazov müstəqilliyin ilk illərindən “Statoil”un Azərbaycanın neft-qaz sektoruna cəlb olunaraq, qabaqcıl təcrübə, yeni texnologiyaların tətbiqi və sərmayə yatırımını əhatə edən fəaliyyətini yüksək qiymətləndirib. Bu əməkdaşlığın hər iki tərəf üçün faydalı olduğunu qeyd edib. Nazir bildirib ki, yeni yataqların kəşfiyyatı və işlənməsi ilə bağlı layihələr “Statoil”un hələ uzun müddət Azərbaycanın tərəfdaşı olmasını təmin edəcəkdir. Pərviz Şahbazov bu şirkətin Azərbaycandakı fəaliyyətinə Energetika Nazirliyinin lazımi dəstəyi bundan sonra da davam etdirəcəyini diqqətə çatdırıb.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə