“Azərkosmos” ASC ISO 27001 sertifikatına layiq görülüb

“Azərkosmos” ASC beynəlxalq sertifikasiya üzrə aparıcı qurum sayılan “Bureau Veritas” tərəfindən keçirilən sertifikatlaşdırma auditinin nəticələrinə əsasən İnformasiya Təhlükəsizliyi Standartı – ISO 27001 sertifikatına layiq görülüb. ASC-dən bildirilib ki, “Azərkosmos” ISO 27001 sertifikatı ilə informasiyanın yüksək etibarlı səviyyədə mübadiləsi, qorunması və təhlükəsizliyinin təmin edilməsi standartlarını daha da təkmilləşdirəcək.

Hazırda “Azərkosmos”un yerüstü peyk idarəetmə mərkəzlərində peyklərin idarəedilməsi müasir avadanlıq və proqram təminatı vasitəsilə həyata keçirilir. Belə ki, beynəlxalq ISO 27001 sertifikasiyasının tələblərinin tətbiq edilməsi peyklərin idarə olunması prosesinin təhlükəsizliyinin də artırılmasına xidmət edəcək.

ISO 27001 sertifikatı bütün növ təşkilatlarda informasiya təhlükəsizliyinin idarə olunmasına dair strategiyanın hazırlanması, bu sahədə öhdəlik və vəzifələrin bölüşdürülməsi ilə bağlı tələblərin müəyyən edilməsi, şirkətin strateji məlumatları, həmçinin dövlət və kommersiya sirrini təşkil edən məlumatların qorunması etalonunu müəyyən edir.

Həmçinin qeyd edək ki, 2013-cü ildən etibarən “Azərkosmos”da ISO 9001 Keyfiyyət İdarəetmə standartı da tətbiq edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə