Bu cür əməllərin qarşısı dərhal alınmalıdır. AÇIQLAMA

“Hazırkı beynəlxalq münasibətlərin reallığı ondan ibarətdir ki, heç bir müstəqil dövlət ayrı-ayrılıqda öz milli təhlükəsizliyini tam təmin etmək gücündə deyil”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, milli maraqları qorumaq naminə mütləq etibarlı tərəfdaşlara və ciddi strateji əməkdaşlığa ehtiyac var: “Rusiya-Azərbaycan münasibətləri həm tarixi nöqteyi-nəzərdən, həm də regionumuzda və dünyada baş verən son hərbi-siyasi hadisələr fonunda illərin sınağından çıxmış etibarlı və qarşılıqlı maraqlara əsaslanan münasibətlərdə olub. Çox təəssüf ki, son dövrlərdə bəzi qüvvələr bu münasibətlərə kölgə salmaq üçün ən müxtəlif tədbirlərə və vasitələrə əl atırlar. Bəzən bunu birbaşa bəzən isə Rusiyanın dövlət strukturlarına sızmış ayrı ayrı şəxslərin əli ilə həyata keçirməyə çalışırlar. Ən pisi isə odur ki, mütəmadi olaraq ardıcıl çəkildə bu cəhdlər edilir. Elə bu günlərdə öz xalqına xəyanət edərək erməni şər maşının ruporuna çevrilən Fəxrəddin Abaszadə və Zabil Məhərrəmov kimilərinin birdən-birə Rusiyada peyda olmaları və anti-Azərbaycan fəaliyyətlərini oradan davam etdirmələri təkcə Azərbaycana deyil, həm də elə Rusiyaya xəyanətdir. Çünki öz doğma vətəninə xəyanət edən sabah elə Rusiyaya da asanlıqla xəyanət edəcək. Ona görə də bu cür əməllərin qarşısı dərhal alınmalıdır. Bir haldaki biz Rusiya-Azərbaycan əlaqələrindən danışarkən onu strateji əməkdaşlıq adlandırırıq. Belə ki, Rusiya siyasətçiləri Azərbaycanla münasibətlərə böyük əhəmiyyət verdiklərini hər fürsətdə qeyd edirlər və qarşılıqlı maraqların qorunmasına da xüsusi diqqət yetirilməlidirlər. Satqınlar və onların arxalarında duranlar ifşa olunmalıdır”.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə