"Azərbaycan ilə Pakistan arasında aqrar sahədə addımlar atılacaq"

"Azərbaycan ilə Pakistan arasında aqrar sahədə tədqiqatçıların, müəllim və tələbələrin mübadiləsi ilə bağlı addımlar atılacaq." Bu sözləri ölkəmizdə səfərdə olan Pakistanın federal ərzaq təhlükəsizliyi və tədqiqat naziri Sikandar Hayat Xan Bosan jurnalistlərə müsahibəsində deyib.

Onun sözlərinə görə, Pakistan pambıq istehsalına görə dünyada 4-cü yeri tutur. Bu baxımdan ölkələrimiz arasında pambıq yağının istehsalı ilə bağlı təcrübə mübadiləsi aparmaq və əməkdaşlıq etmək imkanları var. Bundan başqa, Pakistan düyü ixracatçısı ölkəsidir. Ölkədə il ərzində 7 milyon ton düyü istehsal olunur ki, onun da 4 milyonu ixrac edilir. Bu sahədə də birgə əməkdaşlıq üçün böyük potensial var.

Nazir qeyd edib ki, ölkələrimiz birgə sərgilər də keçirə bilər: “Bu sərgiləri həm Azərbaycanda, həm də İslamabadda təşkil etmək olar. Pakistan dünyanın ən çox manqo istehsal edən ölkələrindəndir. Bu məhsulu Azərbaycana da ixrac edə bilərik. Təklif var ki, Pakistanda yetişdirilən məhsulların gələn ilin may ayından etibarən Azərbaycanda sərgisi keçirilsin və oxşar sərgilər Pakistanda da təşkil olunsun”.

Bütün xəbərlər Facebook səhifəmizdə