Rusiyada “Tax free” sisteminin tətbiqinə başlanılır

Rusiya parlamentinin aşağı palatasının ölkədə “Tax free” sisteminin pilot layihə kimi tətbiqi barədə qəbul etdiyi qərar xarici ölkə vətəndaşlarının ödədikləri əlavə dəyər vergisinin qaytarılmasını nəzərdə tutur.

AZƏRTAC Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzinə istinadla xəbər verir ki, qəbul edilmiş normativ hüquqi sənədə əsasən, Avrasiya İqtisadi İttifaqına daxil olmayan ölkələrin vətəndaşları Rusiyada pərakəndə satış müəssisələrindən mal aldıqları zaman ödədikləri əlavə dəyər vergisinin məbləğini geri almaq imkanı qazanacaqlar. Sistem əcnəbilərin ölkə daxilində satın aldıqları və üç ay müddətində Rusiya ərazisindən xaricə apardıqları mallar üçün nəzərdə tutulur. “Tax free” sistemi hələlik yalnız üç şəhərdə - Moskva, Sankt-Peterburq və Soçidə tətbiq oluna bilər.

Xarici ölkə vətəndaşlarına qaytarılacaq pul vəsaitlərini Rusiyaya turist axının güclənməsi, eləcə də pərakəndə satış dövriyyəsinin artması hesabına kompensasiya etmək planlaşdırılır. Gözlənilir ki, 2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatı ərəfəsində “Tax free” sisteminin tətbiqi ölkəyə daha çox turistin gəlməsinə və ümumilikdə Rusiyanın turistlər üçün cəlbediciliyini artırmağa əlverişli şərait yaradacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə