2018- ci il xalqımızın rifah halı daha da yaxşılaşacaq AÇIQLAMA

“Son illərdə dünyada iqtisadi proseslərin xüsusiyyətləri kifayət qədər dinamik formada dəyişməkdədir. Belə bir şəraitdə müşahidə edilən əsas meyillər kimi enerji daşıyıcılarının qiymətindəki nisbi sabitlik, dünya üzrə iqtisadi templərinə təsir edəcək iqtisadi risklərin spektrinin genişlənməsi, geosiyasi proseslərin yaratdığı təlatümlər və s. qeyd edilməlidir. Bütün bunların fonunda isə biz Azərbaycanda dinamik inkişafın göstəricilərini də müşahidə etməkdəyik. Elə bu göstəricilər də öz əksini 2018-ci ilin dövlət büdcəsinin vəziyyətində tapmaqdadır”. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, 2018-ci il üçün dövlət büdcəsinin layihəsi ölkəmizin tərtib olunmuş makroiqtisadi proqnoz göstəricilərinin, habelə dünya iqtisadiyyatında gözlənilən meyillərin təhlili əsasında hazırlanıb. Təqdim olunan 2018-ci ilin dövlət büdcəsinin layihəsi yeni makroiqtisadi şəraitin yaratdığı yeni iqtisadi təlatümləri və reallıqları, habelə ölkəmizin üzləşdiyi strateji çağırışları nəzərə alır, Azərbaycan Prezidenti İlham Əliyevin ənənəvi olaraq sosialyönümlü siyasətinin davam etdirilməsi üçün müvafiq maliyyə təminatını yaradır: “Gələn ilin büdcəsinin başlıca istiqamətləri isə ölkə iqtisadiyyatının inkişaf tempinin qorunub saxlanmasını, sosial-iqtisadi islahatların daha dinamik şəkildə davam etdirilməsini, əhalinin maddi rifahının təmin olunmasını və sosial şəraitinin yaxşılaşmasını, investisiya qoyuluşlarının həyata keçirilməsini, iqtisadiyyatın diversifikasiyasını və digər tədbirləri özündə əks etdirəcək. Aydın görünür ki, strateji inkişaf xəttinə və ölkədə yaranmış makroiqtisadi mühitə uyğun olaraq, dövlət büdcəsi gəlirlərinin stabilləşdirilməsinə, qeyri-neft sektorundan və digər real mənbələrdən büdcəyə əlavə daxilolmaların müəyyən edilməsinə, əhalinin sosial rifahının yaxşılaşdırılmasına, aztəminatlı insanların sosial müdafiəsinin gücləndirilməsinə, onların gəlirlərinin və məşğulluq səviyyəsinin yüksəldilməsinə, qeyri-neft sektorunun, sahibkarlığın inkişaf etdirilməsinə, dövlətin müdafiə potensialının artırılmasına, iqtisadi, enerji, nəqliyyat, ərzaq və ekoloji təhlükəsizliyin təmin olunmasına xüsusi diqqət yetirilir.

Ümumi aparılmış təhlillər göstərir ki, 2018-ci ilin büdcəsində gəlirlər ötən ilə nəzərən təxminən 20 faiz artıb, 20 milyard 127 milyon manat təşkil edir. Həmçinin, müqayisə apardıqda görürük ki, dövlət büdcəsində gələn il üçün nəzərdə tutulmuş sosial müdafiə xərcləri 2017-ci illə müqayisədə 193 milyon manat çoxdur. Yəni, gələn il də dövlət büdcədə sosial xərclərə daha çox yer verir. Bu mənada, hökumət vətəndaşların sosial rifah halını nəzərə alaraq maaş və təqaüdlərin, eyni zamanda digər sosial ödənişlərin artırılması planını da həyata keçirəcək. Bütün bunlarla yanaşı, yaşayış minimumunun artırılaraq 173 manata çatdırılması da müəyyən mənada insanların gəlirlərinin artırılmasına təsirini göstərəcək”.

Sədaqət Vəliyeva əlavə edib ki, 2018-ci ildə də dövlət büdcəsinin sosialyönümlüyünün davam etdirilməsi, əhalinin rifah halının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi əsas prioritet istiqamət olaraq saxlanılacaq: “2018-ci il dövlət büdcəsi layihəsində gəlir və xərclərin təhlili göstərir ki, növbəti il üçün əsas maliyyə planı xalqımızın rifahının daha da yaxşılaşmasına və ölkəmizin qüdrətinin yüksəlməsinə, iqtisadi inkişafın davamlılığına xidmət edəcək”.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə