Qətər neft hasilatının azaldılmasına dair sazişin müddətinin uzadılmasının tərəfdarıdır

Qətər Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə daxil olmayan ölkələrlə əldə edilən neft hasilatının azaldılmasına dair Vyana sazişinin müddətinin uzadılmasının tərəfdarıdır.

SİA xəbər verir ki, bu sözləri Qətərin energetika və sənaye naziri Məhəmməd bin Saleh Əl-Sada Boliviyanın Santa Cruz şəhərində keçirilən Qaz İxrac edən Ölkələr Forumu (Gas Exporting Countries Forum – GECF) zamanı deyib.

Nazir bildirib: “Sazişin müddətinin uzadılması bazarın sabitləşməsində bizə kömək edəcək. OPEC qlobal neft ehtiyatlarını son beş ilin orta səviyyəsinə endirməkdə müvəffəqiyyətli oldu. Lakin kartel üzrə neft təklifinin artırılmasına daha çox vaxt lazımdır”.

Qeyd edək ki, noyabrın 30-da Avstriyanın paytaxtı Vyanada OPEC Nazirlər Şurasının 173-cü iclası keçiriləcək. Azərbaycanın da dəvət olunduğu iclasda OPEC və qeyri-OPEC ölkələrlə əldə edilən neft hasilatının azaldılmasına dair saziş üzrə öhdəliklər, eləcə də istehsal kvotanın artırılmasının əsas müzakirə mövzusu olacağı planlaşdırılır.

Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Bu il mayın 25-də OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində isə Neft İxrac Edən Ölkələr Təşkilatına üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə