Dövlət büdcəsi iqtisadiyyatın inkişafına əlavə stimullar verəcək

Neft gəlirlərinin azalması fonunda "Doing Businnes" və Qlobal Rəqabətlilik hesabatlarında ölkəmizin irəliləməsi və ən islahatçı ölkələr sırasına yüksəlməsi, bu ilin on ayında qeyri-neft ÜDM-in 2,1 faiz və ixracının 23 faiz artması, strateji valyuta ehtiyatlarının 5 milyard dollara çatması birbaşa islahatların nəticəsidir. Hazırda neft qiymətlərinin 60 dolları keçməsinə rəğmən iqtisadi islahatlar davam edir ki, bu da iqtisadi islahatların dönməz xarakter aldığını göstərir. SİA xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

"Gələn illərdə ölkədə qeyri-neft ixracının və başda turizm olmaqla xidmətlərin səviyyəsinin artması, idxalın əvəzlənməsi hesabına ölkəyə valyuta mədaxili kanalları çeşidinin və miqyasının artması manatın dayanıqlılığı üçün əlavə imkanlar yaradacaq. 2018-ci ildə dövlət büdcəsi hesabına iqtisadiyyata veriləcək əlavə stimullar ümumi iqtisadi aktivliyi artıracaq. Beləliklə, maliyyə-bank sektoru yaranmış əlverişli şəraitdən istifadə etməli, Kredit Zəmanət Fondu və aqrar sığorta mexanizmindən yararlanmaqla real iqtisadiyyatın maliyyələşdirilməsini gücləndirməlidir. Eyni zamanda, bank sektorunun kommunikasiyası gücləndirilməli, rəqabət mühiti və banklararası bazar inkişaf etdirilməli, blokçeyn və maliyyə texnologiyalarının tətbiqi imkanları araşdırılmalı, risk idarəetməsi gücləndirilməli və bankların kapitallaşdırılması artırılmalıdır", - deyə icraçı direktor qeyd edib.

loading...