Fəaliyyətsiz fondda olan quyular əsaslı təmirdən sonra istismara verilib

N.Nərimanov adına neft və qazçıxarma idarəsinin (NQÇİ) fəaliyyətsiz fondda olan quyuları əsaslı təmirdən sonra istismara verilib. SİA-nın məlumatına görə, “Azneft” İstehsalat Birliyindən bildirilib ki, birlik hasilatın sabit saxlanılması və artırılması üçün görülən işləri müvəffəqiyyətlə davam etdirir. Bu məqsədlə işlənmədə olan yataqlardakı köhnəlmiş hidrotexniki qurğuların yenilənməsi, təmiri üzrə işlər ardıcıl olaraq davam etdirilir.

Belə ki, N.Nərimanov adına NQÇİ tərəfindən istismar olunan “Səngəçal-dəniz-Duvannı-dəniz-Xərə-Zirə adası” yatağındakı 375 saylı estakadayanı meydançada aparılan təmir bərpa işlərindən sonra hidrotexniki qurğuları qəzalı quyu fondunda olan 375 nömrəli quyu təmirdən sonra istismara verilib. Quyu məhsuldar qat çöküntülərinin VII horizontundan qazlift üsulu ilə məhsul verib, 4452-4428 metr intervaldan gündəlik 10 ton neft və 4 min kubmetr qaz hasilatı ilə istismara daxil edilib.

Bundan başqa, “Ələt-dəniz” yatağındakı 17 saylı stasionar dəniz özülündən 86 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib. Quyu məhsuldar qat çöküntülərinin VII horizontundan fontan üsulu ilə məhsul verib, 2998-2996 metr intervaldan gündəlik 25 ton neft və 15 min kubmetr qaz hasilatı ilə istismara daxil edilib.

Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına NQÇİ tərəfindən həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə