Azərbaycan daha bir beynəlxalq tədbirə ev sahibliyi edəcək

Bakıda “Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya sərgi”si, habelə “Daşınmaz Əmlak, Özəlləşdirmə və İnvestisiyalar” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Bu barədə SİA-ya Əmlak Məsələləri Dövlət Komitəsindən məlumat verilib.

Bildirilir ki, Əmlak Məsələləri Dövlət Komitəsi, Türkiyənin ElanExpo və Atılım Fuarcılık şirkətlərinin birgə təşkilatçılığı ilə 28-30 noyabr tarixlərində Baku Expo Mərkəzində “Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya sərgi”si keçiriləcək. Bununla yanaşı, sərginin II günü, noyabr 29-da Baku Expo Mərkəzində “Daşınmaz Əmlak, Özəlləşdirmə və İnvestisiyalar” mövzusunda beynəlxalq konfrans təşkil ediləcək. Sərginin açılışı mərasimində habelə konfransda Komitə sədri Kərəm Həsənov, aidiyyəti xarici dövlət qurumlarının rəhbərləri, səfirliklərin və beynəlxalq şirkətlərin nümayəndə heyətləri iştirak edəcəklər.

Ötən il də uğurla təşkil olunan sərginin əsas məqsədi Azərbaycanda daşınmaz əmlak sektorunun imkanlarının nümayiş etdirilməsi, bu sahəyə marağın artırılması, həmçinin özəlləşdirmə prosesində xarici və yerli investorların iştirakının daha da genişlənməsidir. Özəlləşdirilmiş müəssisələrə kapital axını ölkənin makroiqtisadi göstəricilərinin, məşğulluğun səviyyəsinin artımına, yeni iş yerlərinin yaradılmasına, ixrac potensialının yüksəlməsinə səbəb olacaq. Həmçinin, bu ölkəmizin beynəlxalq nüfuzunun artımına, dünya bazarlarına çıxış imkanlarının genişlənməsinə və daşınmaz əmlak bazarında iqtisadi yüksəlişə gətirib çıxaracaq. Bu mühüm və böyük tədbir həm yerli, həm də beynəlxalq müstəvidə tikinti sektoruna aid nəhəng şirkətləri, daşınmaz əmlak sahəsindəki brend layihələri, əmlak sektoru üzrə investorları Azərbaycanda professional bir məkanda toplayacaq.

Sərgidə 14 ölkədən – Azərbaycan, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Birləşmiş Krallıq, Portuqaliya, Fransa, İspaniya, Polşa, İtaliya, Rusiya, Kipr, Andorra, Gürcüstan daxil olmaqla 70-ə yaxın şirkət iştirak edəcək. Sərgi iştirakçıları tərəfindən 140-dan çox layihə nümayiş olunacaq. Ötən il baş tutan sərgidə Türkiyə, BƏƏ, Macarıstan, Rusiya, İspaniya, Portuqaliya, Lüksemburq, Kipr, Gürcüstan, Ukrayna kimi ölkələrdən 30-a yaxın xarici şirkət iştirak edib.

İştirakçılar üçün maraqlı olacaq pavilyonlardan biri də Əmlak Məsələləri Dövlət Komitəsinin pavilyonudur. Burada sahibkarlar və ölkəyə investisiya yatırmaqda maraqlı olan sərmayeçilər üçün özəlləşdirmə prosesi haqqında məlumatlar, komitənin fəaliyyət istiqamətləri üzrə vətəndaşlara təqdim edilən elektron xidmətlər və bütün respublika üzrə torpaqların effektiv idarə edilməsində mühüm əhəmiyyət daşıyan torpaqların elektron uçotuna dair işlər barədə məlumatlar nümayiş etdiriləcək. Ziyarətçilər komitənin göstərdiyi xidmətlər üzrə onları maraqlandıran istənilən suala operativ şəkildə cavab ala biləcəklər. Bunun üçün isə hüquqi yardım masası fəaliyyət göstərəcək.

Builki sərgidə özəlləşdirilməyə çıxarılan müəssisələrlə bağlı pavilyonların yaradılması kimi yeniliklər də nəzərdə tutulur. Özəlləşdirilməyə çıxarılan müəssisələrlə bağlı yaradılacaq pavilyonlarda həmin müəssisələrin maliyyə və iqtisadi göstəriciləri, istehsal etdikləri məhsul və xidmətlər, yerləşdiyi ünvan, fəaliyyət növü, gəlir gətirmə potensialı və sair digər bütün məlumatlar əks olunacaq. Potensial iştirakçılara özəlləşdirməyə çıxarılan müəssisələr və özəlləşdirmədə iştirak etmə prosedurları barədə məlumat veriləcək.

Sərgi çərçivəsində müxtəlif yerli və xarici tikinti şirkətləri tərəfindən endirimlər nəzərdə tutulub. Bununla yanaşı bir mənzil üzrə uduşlu lotareya keçiriləcək. Sözügedən layihələrlə yanaşı həmçinin dövlət sifarişi əsasında inşa edilən sosial mənzillər və Bakı şəhərinin müxtəlif rayonlarında həyata keçirilən pilot layihələrin də təqdimatı olacaqdır. Belə layihələrin bir platformada təqdimatı əmlak alıcılarına təklifləri və fürsətləri müqayisə etmək və sərfəli variantları seçmək imkanı da qazandırır.

“Daşınmaz Əmlak, Özəlləşdirmə və İnvestisiyalar” mövzusunda keçiriləcək beynəlxalq konfransın məqsədi isə daşınmaz əmlak idarəçiliyi, o cümlədən ölkəmizdə daşınmaz əmlak bazarının formalaşdırılması sahəsində xarici ölkələrin aidiyyəti dövlət, qeyri-hökumət və özəl qurumları ilə əlaqələrin qurulmasıdır. Eyni zamanda, beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlığın inkişafı, habelə bu sahələrdə birgə fəaliyyət imkanları və beynəlxalq təcrübə haqqında geniş müzakirələrin aparılması da əsas vəzifələrdəndir.

Konfransda Almaniya, Yunanıstan, Türkiyə, BƏƏ, Belarus, Birləşmiş Krallıq, Polşa, Macarıstan, Kipr, Portuqaliya, İspaniya və digər ölkələrdən, eləcə də xarici dövlətlərin Azərbaycanda akkreditə olunmuş səfirliklərindən, beynəlxalq təşkilatlardan, yerli və xarici biznes qurumlarından, bələdiyyələr və mərkəzi icra hakimiyyəti orqanlarından 100-dən çox nümayəndənin iştirakı nəzərdə tutulur.

Bildirilir ki, sərgiyə ziyarətçilərin daşınması üçün xüsusi avtobuslar ayrılıb. Avtobuslar sərgi keçirilən müddətdə səhər saat 10-dan etibarən hər saatdan bir metronun "Nərimanov" stansiyasının yaxınlığından (Mcdonalds-la üzbəüz) Baku Expo Mərkəzinə və əks istiqamətdə sərnişinlərin pulsuz daşınmasını həyata keçirəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə