Mərkəzi Bankda “İnnovasiyalar günü” keçirilib

Ödəniş və informasiya sistemlərinin daim təkmilləşən biznes tələblərə, beynəlxalq aləmdə informasiya-kommunikasiya texnologiyaları (İKT) istiqamətində baş verən inkişaf trendlərinə uyğunlaşması, bu sahədə innovativ həllərin implementasiyası Mərkəzi Bankın İKT üzrə başlıca hədəflərindədir. Bu hədəflərin realizasiyası məqsədilə Mərkəzi Bank daim İKT çağırışlarını izləyir, qabaqcıl beynəlxalq təcrübənin Azərbaycan bank sektoruna çatdırılması istiqamətində zəruri tədbirlər həyata keçirir. Mərkəzi bankdan SİA-ya verilən məlumata görə, bu prosesin davamı olaraq, İBM şirkətinin Rusiya Federasiyası və MDB ölkələri üzrə baş direktoru Andrey Filatovun rəhbərlik etdiyi nümayəndə heyəti Mərkəzi Bankda qəbul edilmiş və Mərkəzi Bankın əsas inzibati binasında kommersiya banklarının əməkdaşları ilə birgə “İnnovasiyalar günü” adlı tədbir keçirilib.

Keçirilən tədbirdə “Bank əməliyyatları üzrə inteqrasiya həlləri”, “Blockchain və müasir maliyyə texnologiyaları (Fintech)”, “Kvant hesablamaları”, “Kiber təhlükəsizlik” və digər mövzular üzrə təqdimatlar keçirilib. Təqdimatlar zamanı müasir innovativ həllərin tətbiq sahələri müzakirə edilib, informasiya təhlükəsizliyi üzrə risklər və onların minimallaşdırılması istiqamətində preventiv kiber təhlükəsizlik tədbirləri barəsində müzakirələr aparılıb.

Mərkəzi Bank maliyyə texnologiyaları üzrə savadlılığın yüksəldilməsi və beynəlxalq aləmdə baş verən yeniliklərin bank sektoruna çatdırılması istiqamətində tədbirlərin mütəmadi olaraq həyata keçirilməsini planlaşdırır.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə