Hesablama Palatasının 2018-ci ilin büdcəsi ilə bağlı TÖVSİYƏLƏRİ

“Prezident İlham Əliyevin tapşırıqlarına müvafiq olaraq 2018-ci ilin dövlət büdcəsinin gəlirləri, həm də xərci artımla proqnozlaşdırılıb. 2018-ci il dövlət büdcəsinin gəlirləri 2017-ci ilin proqnoz göstəricisi ilə müqayisədə 20% çox, dövlət büdcəsinin xərcləri isə 16,5% çox proqnozlaşdırılıb”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin plenar iclasında 2018-ci il üzrə dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

O bildirib ki, 2018-ci ildə gəlirlərin ÜDM-ə nisbətinin 29%, xərclərin isə ÜDM-də xüsusi çəkisinin 30,1% olması nəzərdə tutulub: “Növbəti 3 ildə bu nisbətlərin tədricən azalması nəzərdə tutulur ki, bu da ÜDM-in daha sürətli artım tempi ilə proqnozlaşdırılması hesabınadır”

V.Gülməmmədov növbəti ilin dövlət büdcəsinin layihəsi ilə bağlı Hesablama Palatasının bəzi tövsiyələrini də diqqətə çatdırıb: “Növbəti ilin büdcə layihəsində vahid xəzinə hesabının qalığının istifadəyə verilməsindən 4 milyon manat vəsait nəzərdə tutulur. Xatırlatmaq istərdim ki, 2016-cı ildə bu mənbə üzrə nəzərdə tutulmuş vəsaitə qarşı 6 dəfə çox, 2017-ci ildə nəzərdə tutulmuş illik proqnoz məbləğindən 38,5% çox vəsait daxil olub. Qeyd olunanlara əsasən, vahid xəzinə hesabının qalığının istifadəyə verilməsindən daxilolma məbləğinin yüksək olacağı gözlənilir. Vahid xəzinə hesabının idarəetməyə və depozitə yerləşdirilmiş sərbəst qalıq vəsaitlərinin mənbələr üzrə təhlili əlavə potensialın mövcudluğunu göstərir. Hesablama Palatasına daxil olan məlumatlara əsasən nizamnamə fondunda (kapitalında) dövlətin payı olan 2 mindən artıq kommersiya hüquqi şəxslər mövcuddur ki, Nazirlər Kabinetinin 2016-cı il 30 dekabr tarixli 534 nömrəli qərarı ilə bunlardan 14-ü gəlirlər və xərclər smetaları hazırlanmalı, təsdiq edilməli və icrası üzrə monitorinq aparılmalı olan iri dövlət şirkətlərinə aid edilib. Bu şirkətlərin 01.01.2017-ci il tarixə kifayət qədər böyük nizamnamə fondu (kapitalı) olduğu, həmin şirkətlərə dövlət büdcəsindən (əsasən investisiya xərclərindən və ehtiyat fondlarından) və eyni zamanda dövlət zəmanətli kreditlərdən böyük məbləğlərdə vəsaitlər ayrıldığı halda, dövlət büdcəsinə dividendlər hesablanmır və ödənilmir. Bu məsələnin də diqqətdə saxlanması hesab edirik ki, çox vacibdir. Növbəti ilin dövlət büdcəsinin xərclərini fərqləndirən əsas məqamları hörmətli millət vəkillərinin diqqətinə çatdırmaq istərdim. İlk olaraq qeyd edim ki, 2018-ci ildə son illərdə azalma ilə proqnozlaşdırılmış dövlət investisiya xərclərində nəzərəçarpacaq artım proqnozlaşdırılıb ki, bu da büdcə gəlirlərinin və iqtisadi aktivliyin gücləndirilməsində mühüm rol oynayacaq”.

“Vurğulamaq istədiyim ikinci məqam publik hüquqi şəxslərlə bağlıdır, belə ki, növbəti ildə dövlət idarəetmə strukturunu təkmilləşdirilməsi və səmərəliliyinin artırılması məqsədi ilə yaradılmış publik hüquqi şəxs kimi fəaliyyət göstərən bir sıra dövlət idarəetmə təşkilatlarının saxlanmasına, eləcə də büdcədənkənar gəlir və xərclərinə növbəti ildən vəsait nəzərdə tutulmayıb. Növbəti ilin dövlət büdcəsində ilk dəfə olaraq “İşsizlikdən sığorta haqqında” qanunun qüvvəyə minməsi ilə əlaqədar fəaliyyətə başlayacaq bu sistemdə dövlət büdcəsindən maliyyələşən təşkilatlar üzrə sığortaedənin payının maliyyələşdirilməsi ilə bağlı vəsait proqnozlaşdırılıb. Beynəlxalq təcrübə və nəzəriyyədə borc göstəricilərinə bir sıra indikatorlar aid edilir. Hesablama Palatasının Rəyində bu göstəricilər dövlət maliyyəsinin ən yaxşı təcrübəsi olaraq müəyyən edilən nümunələr əsasında qruplaşdırılmış, həmçinin təhlili aparılıb. Qeyd etmək istərdim ki, Azərbaycan Respublikasının 2018-ci il üzrə proqnozlaşdırılmış göstəriciləri əsasında aparılmış hesablamalar beynəlxalq təcrübədə və nəzəriyyədə qəbul edilmiş borc göstəriciləri üzrə müqayisədə ölkəmizdə borc dayanıqlığının mövcud olduğunu göstərir. Diqqətə çatdırmaq istərdim ki, növbəti ilin büdcə layihəsində daxili və xarici dövlət borclanmasının yuxarı hədləri, həmçinin 2018-ci il ərzində veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi (limiti) azalma ilə proqnozlaşdırılıb. Bu isə növbəti illərdə dövlət borclanmasının və şərti öhdəliklərin artım tempinin azalmasına münbit şərait yaradacaq. Hesablama Palatasının kollegiyası qanun layihəsinin Milli Məclisdə müzakirə edilməsi ilə bağlı qərarını diqqətinizə çatdırır və ümid edirəm ki, büdcə müzakirələri zamanı Hesablama Palatasının Rəyi də nəzərə alınacaq”- deyə, Palata sədri vuğulayıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə