"YAP Azərbaycan siyasi palitrasının əsas güc mərkəzi, lokomotividir AÇIQLAMA

"Bu günlərdə Yeni Azərbaycan Partiyasının yaranmasının 25-ci ildönümünü böyük təntənə ilə qeyd edirik. YAP -ın 25 ildə qazandığı nailiyyətlər haqlı olaraq qürur hissi verir, həm də müstəqil Azərbaycan dövləti ilə yanaşı addımlayan partiyamızın bu illər ərzində keçdiyi yola bir daha nəzər salırıq. Bir fikri mütləq və tam obyektiv olaraq qeyd etməliyik ki, bu gün Yeni Azərbaycan Partiyası Azərbaycan siyasi palitrasının əsas güc mərkəzi, lokomotividir. Biz bu fikri vurğulayarkən sadəcə olaraq partiyamızın siyasi marafonlarda qazandığı nailiyyətlərə istinad etmirik. Çünki bu partiya fəaliyyət göstərdiyi illər ərzində Azərbaycan dövlətçiliyinin inkişafına, müstəqilliyimizin möhkəmlənməsinə, xalqımızın rifah halının daha da yaxşılaşdırılmasına verdiyi mühüm töhfələrdir. Bir sözlə müstəqil Azərbaycan dövlətinin inkişaf tarixində Yeni Azərbaycan Partiyasının rolu danılmazdır". Bu sözləri SİA-ya açıqlamasındfa Milli Məclisin deputatı Sahibə Qafarova deyib.

Onun sözlərinə görə, Ümummilli liderimiz Heydər Əliyevin ideyaları, uzaqgörən siyasəti və qətiyyəti nəticəsində yaradılan, YAP Azərbaycanın ictimai-siyasi həyatında mühüm yerə malikdir: “Ulu Öndərin qurucusu olduğu Yeni Azərbaycan Partiyası ötən dövrdə şərəfli yol keçib. Hazırda bu partiya öz sıralarında 700 min nəfərdən artıq Azərbaycan vətəndaşını birləşdirən nəhəng siyasi qüvvəyə, bu günün və gələcəyin ən böyük partiyasına çevrilib. Azərbaycan siyasi mühitinin ən güclü, monolit və mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının möhtəşəmliyinin bariz təzahürü, bu partiyanın cəmiyyətin bütün sosial-ictimai maraqlarının ifadəçisi olmasıdır. Çünki Azərbaycan xalqının istəkləri, cəmiyyətin sosial-iqtisadi sifarişləri YAP-ın konseptual strateji proqramında ana xətti təşkil edir”.

Millət vəkili vurğulayıb ki, Yeni Azərbaycan Partiyası fəaliyyəti illərində Azərbaycan cəmiyyətinə siyasi əxlaq, siyasi mədəniyyət gətirib. Bu siyasi mədəniyyət bütövlükdə milli mədəniyyətimizi keyfiyyətcə yeni mərhələyə daşıyıb. Hazırda YAP-ın ölkənin ictimai-siyasi proseslərində aparıcı, mühüm rol oynadığını söyləyən Sahibə Qafarova qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə YAP Azərbaycanın siyasi palitrasının lokomotivi, xalqın maraqlarını qoruyan siyasi qüvvədir: "Yeni Azərbaycan Partiyası Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi siyasətin avanqard qüvvəsi kimi xalqımızın qarşısında dayanan vəzifələrin həll edilməsinə layiqli töhfəsini verir. Bu, bundan sonra da davam edəcək, partiyamız Ulu öndərimiz, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin ideyalarını yaşadacaq, Heydər Əliyev siyasi məktəbinin, onun yolunun və ideyalarının davamçısı olacaq. Bu gün partiyamızın Sədri, ölkə Prezidenti İlham Əliyev Ulu öndərimizin müəyyənləşdirdiyi siyasi kursu uğurla davam etdirir. Azərbaycan Heydər Əliyev siyasəti, Heydər Əliyev dəst-xətti ilə cənab Prezidentimiz İlham Əliyev tərəfindən idarə edilir və bütün dünya dövlətləri arasında öz sözünü deməklə yanaşı seçilən dövlətlər sırasında yer almağa nail olub. Azərbaycan xalqının iradəsini ifadə edən cənab Prezident İlham Əliyev müstəqil Azərbaycan dövlətinin Prezidenti, həm də dünya azərbaycanlılarının lideridir"

Daha sonra S.Qafarova deyib ki, Yeni Azərbaycan Partiyasını digər partiyalardan fərqləndirən digər bir mühüm cəhət isə partiyamızda cəmiyyətin bütün təbəqələrindən olan insanların fəal təmsilçiliyinə şərait yaradılmasıdır. "Bu gün Azərbaycan gəncləri öz siyasi gələcəklərini məhz Yeni Azərbaycan Partiyası ilə bağlayır, burada Azərbaycan dövlətçiliyinə xidmət etmək, özlərini inkişaf etdirmək imkanı qazanırlar. O cümlədən, bu gün Yeni Azərbaycan Partiyası cəmiyyətimizin fəal qadınları üçün də geniş imkanlar təqdim edir. Azərbaycanın Birinci vitse-prezidenti, Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti nəinki partiyamızda təmsil olunan yüzminlərlə qadınlarımız, o cümlədən, bütövlükdə Azərbaycan qadını üçün nümunə və həyat məktəbi sayılır.

Mən bir daha yubiley münasibəti ilə sizləri təbrik edir, əminliklə vurğulayıram ki, bundan sonra da partiyamız Ulu Öndərimizin ideya və siyasi xəttinə sadiq qalaraq dövlətimizə, xalqımıza uğurla xidmət edəcək. Çünki Ümummilli liderimiz, partiyamızın qurucusu Heydər Əliyevin də qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır"

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə