Eyni mənzilin bir neçə nəfərə satılmasının qarşısı necə alınacaq? AÇIQLAMA

“Eyni mənzilin bir neçə nəfərə satılması problemi uzun müddətdir ki, müzakirə edilən məsələlərdəndir. 3 il öncə bununla bağlı təkliflərimi hökumətə də təqdim etmişdim. Artıq həmin təkliflərdən bir neçəsi nəzərə alınaraq “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanuna dəyişikliklərlə bağlı əlavələr edilib”. Bu sözləri SİA–ya açıqlamasında iqtisadçı Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, yeni qaydalara əsasən, “qabaqcadan qeydiyyat” institutu təkmilləşdiriləcək və mənzillərin satışı zamanı daşınmaz əmlakın dövlət reyestri aparılacaq: “Mülkiyyətçi ilə mənzil alan arasında müqavilə notariat qaydada bağlanmalıdır. Bu qaydaların tətbiqi yubansa da amma bütün hallarda qanunvericiliyə edilən dəyişikliklər müsbət qiymətləndirilməlidir. Çünki bu mənzil fırıldaqçıların “əl-qolunu bağlayacaq”. Güman olunur ki, yeni qaydalar eyni mənzilin bir neçə nəfərə satılmasının qarşısını almağa yardım edəcək. Bununla yanaşı, prosesin tamamilə şəffaflaşması üçün bir müddət öncə hazırladığımız təkliflərin hamısının qəbul edilməsinə ehtiyac var. Əvəlla, bir sıra MDB ölkələrində olduğu kimi Azərbaycanda da tikinti şirkətlərinin internet səhifəsinin olması icbari xarakter daşımalıdır. Öz internet səhifələrində tikinti şirkətləri inşa edilən və ya inşa ediləcək binada satılan mənzillərlə bağlı məlumat yerləşdirir. Bu da imkan verir ki, alıcı hər hansı bir şirkətin inşa etdiyi binada mənzil almaq istəyərkən həmin şirkətin veb-səhifəsinə daxil olmaqla müəyyən edə bilsin ki, hansı mənzillər satılıb, hansılar satılmayıb. Eyni zamanda, tikinti şirkəti öz saytında hər bir müştəriyə xüsusi kabinet açır və o da mütəmadi olaraq ora daxil olaraq ödəniş, tikinti prosesi və digər məlumatları əldə edə bilir. Bu eyni zamanda, şirkətlərin şəffaf işləməsinə imkan yaradır. İkincisi, satılan mənzillərin elektron qeydiyyatını aparılması icbari xarakter daşımalıdır. Yəni, məsələn, yeni inşa edilən binada 3-cü blok 10 saylı mənzil satılıbsa artıq onun məlumatlarını sistemə yenidən daxil etmək olmur, elektron sistem qəbul etmir və bununla da alıcı həmin mənzil artıq satıldığını bilir. Üçüncüsü, hətta “kupçası” olmayan mənzillərin də satılması zamanı nağd ödənişlər qadağan edilməlidir. Ödənişlər yalnız banklar vasitəsi ilə həyata keçirilməlidir və həyata keçirilən bank əməliyyatı ilə bağlı isə bütün məlumatlar şirkətin saytında yerləşdirilməlidir. Dördüncüsü, qanunvericilikdə dələduzluqla məşğul olan tikinti şirkətlərinə qarşı cərimələrin və cəzanın daha ağırlaşdırılmasına ehtiyac var”.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə